Cümşüd Nuriyev: “Sülhməramlılar təxribatların səhnə quruluşunda iştirak edir”backend

Cümşüd Nuriyev: "Sülhməramlılar təxribatların səhnə quruluşunda iştirak edir"

Regiondakı son hadisələri müxtəlif aspektlərdən şərh edən mütəxəssislər baş verən hadisələri Qərblə Rusiya qarşıdurmasının nəticəsi hesab edirlər. Rusiyanın zəifləyən nüfuzundan istifadə edən Qərb Ermənistan-Azərbaycan sərhədinə missiya yerləşdirməklə Rusiyanı nəzarətdə saxlamaq imkanı əldə edib. Rusiya isə Qərbin bu addımına biganə qalmayıb və Cənubi Qafqazda öz şərtlərini diktə edir. Regionda varlığını sübut etmək istəyən Rusiya təxribatlardan da əl çəkmir. Qarabağdakı erməni silahlı birləşmələrinə dayaq duran ruslar regionda qalmaq üçün müxtəlif təxribatlara əl atırlar.

Politoloq Cümşüd Nuriyev KONKRET.az-a açıqlamasında baş verən hadisələri belə şərh edir:

“Bu hadisələr Rusiyanın maraqlarına uyğun olsa da, onun maraqlarına zidd proseslər də var. Rusiya və İran daha çox Azərbaycana siyasi təzyiq göstərmək üçün hər cür təxribata əl atır. Çünki rus sülhməramlıları birmənalı şəkildə erməni tərəfini dəstəkləyir. Baxmayaraq ki, 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndi icra edilməlidir. Bu günə qədər sülhməramlılar onu icra eləmir. Parlamentdə bu məsələ qaldırılmalı və Rusiya sülhməramlılarının bölgədən çıxarılması üçün Azərbaycan tərəfi iddia irəli sürməlidir ki, ilin axırına qədər imzalanmış bəyannamənin bəndləri yerinə yetirilməsə, sülhməramlılar bölgədən çıxarılsın. Bunu qəti şəkildə qoymaq lazımdır. Çünki Rusiya bizə başqa şans buraxmır. Rusiya Ukraynadakı məğlubiyyətini Azərbaycan ərazisiylə kompensasiya etmək istəyir. Təxribatlar bilavasitə sərhəddən Azərbaycanın daxilinə keçib. Bu gün Ağdamda baş verən təxribatlar birmənalı şəkildə onu göstərir ki, sülhməramlılar bu təxribatların təkcə tamaşaçısı deyil, həm də onun səhnə quruluşunda iştirak edir.

Ola bilməz ki, bu hadisədən Rusiya sülhməramlılarının xəbəri olmasın. Erməni silahlı qüvvələri ruslardan xəbərsiz Azərbaycan ərazisində təxribata əl atıb atəşkəsi pozmağa cürət etməzlər. Deməli, bu ssenarini Moskva hazırlayır, İrəvan da həyata keçirir. Tehranla Paris də bu işdə iştirak edir. Amma eyni zamanda bölgədə Rusiyanın əleyhinə olan Qərb var. Kollektiv Qərb bu və ya digər formada bölgədə sülh sazişinin imzalanmasını istəyir. İstər-istəməz maraqların toqquşması Azərbaycanın ziyanınadır. Çünki Qərbin öz marağı var. Qərb bura yerləşib regiondan Rusiyanı çıxartmaq istəyir.

Rusiya-İran dueti isə əksinə, Qərbin Cənubi Qafqaza gəlməsini istəmir. Ona görə də bu hadisələr bölgədəki siyasi sabitliyə ciddi ziyan vurur. Siyasi sabitliyin pozulması üçün lazım olan faktorlar, xüsusi ilə xarici faktorlar kifayət qədərdir. İstər hərbi, istər siyasi, istərsə də hüquqi müstəvidə bunu otuz ildir görürük. Artıq Azərbaycan ərazisində törədilən təxribatlar yavaş-yavaş iqtisadi müstəviyə meyl edir. Həm ölkə daxilində, həm də xaricdə tapşırıqları icra edənlər məsələləri daha çox iqtisadi müstəviyə dartırlar. Eyni zamanda Azərbaycanda siyasi sabitliyin pozulması üçün lazım olan addımları atırlar. Azərbaycan bu siyasi, iqtisadi və hərbi riskləri nəzərə almalıdır. Heç kəs risklərdən sığortalanmayıb. Qarışıq vəziyyətdən Azərbaycanın maraqları zərər görməməlidir. İndiki siyasətimizi davam etdirsək Azərbaycan bu təxribatlardan tam yaxa qurtara biləcək”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*