Nikol Paşinyanın 44 günlük müharibəylə bağlı istintaq komissiyasına verdiyi ifadələr Ermənistanda bir mənalı qarşılanmayıb. Baş nazirin səsləndirdiyi ittihamlardan sonra Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan Paşinyanın onun əlehinə söylədiyi fikirlərə münasibət bildirib.
Ermənistanın Təhlükəsizlik Şurasının isə Qasparyana cavabı gecikməyib.
“Onik Qasparyan 28 iyun 2023-cü il tarixli bəyanatında 2020-ci il avqustun 14-də keçirilən iclasda verdiyi hesabatı təhrif edib. Həmin gün keçirilən iclasda Qasparyan xüsusi olaraq bildirmişdi ki, biz Şərq və Şimal-Şərq əməliyyat istiqamətlərində “geri addım atmamaq” prinsipi ilə mövcud qüvvə və vasitələrlə düşməni darmadağın etməyə qadirik.
O, müəyyən istiqamətlərdə qüvvələr balansı barədə məlumat verib, mövcud problemlərin olduğunu bildirib. Həmin gün keçirilən iclasda Təhlükəsizlik Şurası Onik Qasparyanın irəli sürdüyü problemlərin həlli ilə bağlı bütün təklifləri təsdiqləyib. Daha sonra, 44 günlük müharibə zamanı Naxçıvan və Türkiyə istiqamətlərində Onik Qasparyanın qeyd etdiyi hərbi problemlərə rast gəlinməyib. Buna baxmayaraq, Qasparyanın rəhbərliyi ilə silahlı qüvvələr üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməyib ”, – deyə Ermənistanın Təhlükəsizlik Şurasının bəyənatında bildirilir.
44 günlük müharibə dövründə “düşmənin hücumunu mövcud qüvvə və vasitələrlə geri addım atmamaq” prinsipi ilə dəf etmək öhdəliyini üzərinə götürən Ermənistan silahlı qüvvələri nəinki geri çəkilib həttda məhv edilib.
Paşinyan İstintaq komissiyasında müharibə zamanı baş qərargahın ona yalan məlumat verdiyi barədə ittihamlar səsləndirib. Baş nazirin sözlərinə görə Azərbaycan ordusu Şuşaya yaxınlaşan vaxt Araik Artunyan təhlükə barədə ona məlumat versə də, baş qərargah vəziyyətin nəzarət altında olması barədə məlumat çatdırıb.
Vəli Həsənov,
KONKRET.az