Danimarka Donald Trampı təhdidləri dayandırmağa çağırıb.
Venesueladan sonra ABŞ prezidenti yenidən Qrenlandiyanın ilhaqından danışıb.
KONKRET.az xəbər verir ki, Krallığın baş naziri Mette Frederiksen ABŞ prezidentinin bəyanatlarını hörmətsizlik, Qrenlandiyanın ələ keçirilməsi ilə bağlı ritorikasını isə mənasız adlandırıb.
Bazar günü Ağ Evin rəhbəri yenidən Danimarka muxtariyyət ərazisinin onun nöqteyi-nəzərindən ABŞ üçün strateji baxımdan zəruri olmasından danışıb:
“Bizə milli təhlükəsizlik nöqteyi-nəzərindən Qrenlandiya lazımdır. Bu, strateji əhəmiyyət kəsb edir. Qrenlandiya indi Rusiya və Çin gəmiləri ilə əhatə olunub. Qrenlandiya milli təhlükəsizlik naminə bizə lazımdır və Danimarka bunu əlbəttə ki, təmin edə bilməz”.
Danimarka və ABŞ NATO müttəfiqləridir. Venesuelaya hücumlar və Nikolas Maduronun qaçırılması fonunda Trampın yeni bəyanatı Kopenhageni çox narahat edib.
Qrenlandiyanın bu və ya digər şəkildə ilhaqı Donald Trampın ikinci müddətinin ritorikasının əsas mövzularından birinə çevrilib. Əvvəllər həm Danimarka hökuməti, həm də muxtar Qrenlandiyanın rəhbərliyi Vaşinqtonun iddialarını qəti şəkildə rədd edirdi.
Ağagül Mürsəlov,
KONKRET.az
