Sabah Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Hər dəfə olduğu kimi, Ermənistan bu dəfə də görüş ərəfəsi təxribatlar törətməklə danışıqlar prosesini ənəgəlləməyə çalışır. Bununla da Azərbaycanın mövqeyinə zərbə vuracaqlarını düşünürlər.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Mirzəbəyli danışıqlarda Azərbaycanın mövqelərini möhkəmləndirən kifayət qədər amillərin olduğunu deyir:
“Davamlı olaraq təxribatlar törədilməsi əslində Brüssel prosesinə bu və ya digər formada mane olmaq cəhdindən başqa bir şey deyil. İndiki şəraitdə qarşılıqlı etimad mühitinin formalaşması üçün heç bir əsas yoxdur. Ermənistanın məqsədyönlü şəkildə Azərbaycan ərazilərində yaşayan erməni sakinlərlə bağlı məsələni gündəmə gətirməsi və davamlı olaraq insan hüquq və azadlıqları kontekstindən guya hansısa problemlərin olduğunu, onların blokada şəraitində yaşamasını vurğulaması özünü doğrultmadı.
Çünki Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanın Laçın yoluna nəzarət, həmçinin sərhəd-buraxılış məntəqəsilə bağlı atdığı addımların tamamilə legitim olmasını vurğulaması Ermənistanın iddialarını darmadağın edir. Azərbaycanda erməni sakinlər üçün humanitar problemlər mövcud deyil və Ermənistan danışıqlar prosesində bu məsələni xüsusi vurğulaya bilməyəcək.
Ermənistan niyə mütəmadi olaraq bu məqamın üzərinə gəlir? Bəlli olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünün, Qarabağın, həmçinin anklav ərazilərin Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı Ermənistanın rəsmi mövqeyi var və bu, Ermənistanın üzərinə öhdəlik qoyur.
İndiki şəraitdə Ermənistan Azərbaycan ərazilərində guya erməni sakinlərlə problemlərin olduğu barədə manipulyasiyaya yol verməklə ölkəmizin daxili işlərinə qarışmağa və beynəlxalq təzyiqi təşkil etməyə cəhd göstərir. Danışıqlar prosesində birmənalı irəliləyişin əldə olunacağını söyləmək çətindir. Amma yüksək səviyyəli görüşdə, bir qayda olaraq, Brüsseldə keçirilən görüşlərdə hansısa konkret məsələlərlə bağlı irəliləyişin əldə olunması nəzərə çarpır.
Eyni zamanda, ABŞ-ın dövlət katibi Entoni Blinkenin görüşöncəsi Azərbaycan Prezidentinə zəng etməsi və sülh prosesinə dəstəyini ifadə etməsi müsbət haldır. Bu da görüşdə hansısa irəliləyişə zəmin yarada bilər. Amma hazırda sülh müqaviləsinin imzalanması üçün bütün mövqelər üzrə razılıq əldə edilməsini söyləmək çətindir. Bəlli olduğu kimi, Ermənistan tərəfi də bundan öncə həm baş nazir, həm də XİN tərəfindən hələlik bəzi prinsipial müddəalar üzrə razılaşmanın olmadığını söyləyib. Bu məsələlərə istinad etsək, Brüssel görüşündə yekun nəticənin əldə edilməsi inandırıcı deyil. Ola bilsin ki, ilin sonuna qədər danışıqlar prosesində daha böyük nəticələr əldə olunsun”.
Vəli Həsənov,
KONKRET.az