
Bu şəhər şəhvətin, dəbdəbənin, görkün və bahalı həyat hərislərinin yatağına bənzəyir. Başqalarına xoş gəlmək üçün yarıçılpaq halıyla əzilir-büzülür, soyunur-tökülür. Daha səhərləri belə özünə bənzəmir bu şəhərin. Sübh tezdən gecənin xəlvətindən çıxan dumanlı başlar, gecədən rəngləri bir-birinə qarışmış solğun dərili insanlar gün işığından qorxurlar. Bir gün öz günahlarında boğulacaq bu şəhər…
***
Facebookda bir xanım davamlı ailədaxili şiddətə məruz qalırdı. Hər dəfə əri bunu döyəndə mənə yazıb gileylənir, hüquqi yardım da almaq istəmirdi. Bir xeyli bu, xanımdan səs-soraq çıxmadı. Sözün düzü narahat olduğumçün özüm yazıb soruşdum. Dedi aylardır ərim məni döymür, dinmir, danışmır. Nə deyirəm razılaşır. Həftələr, aylar keçdi. Arada hal-əhval tuturdum. Deyirdi: “Əli, narahat olmağa başlamışam. Bu tamam dəyişib, mənimlə işi yoxdur. Qorxuram başına hava zad gələr”… O gün sevincək zəng vurub ki, “Bəs muştuluğumu ver, ərim məni nəyi var çırpdı. Elə sevinirəm ki, xəstəliyi filan yox imiş”. Dedim: “Gözünüz aydın olsun, vuran əlləri ağrımasın”. Day ayrı nə deyim!?))
***
Məşhur biznesmənlərdən biri çox ucuz saat taxır. Bunun səbəbini soruşanda deyir ki, “Mənim 15 dollarlıq saatım da milyonluq saatlar kimi sadəcə vaxtı göstərir. Vaxtı göstərən bir şeyə isə milyonlar xərcləmək axmaqlıqdır”. Düşünürəm ki, o saatın puluna zamanını geriyə sayan nə qədər insan xilas etmək olardı. O, saat da bütün saatlar kimi bir gün həmişəlik duracaq. Heç olmazsa, bircə nəfəri xilas edərdi…
***
Anamın Gəncəyə getdiyi bir aydır. Soyuducuda badımcan dolması qalıb. Hər axşam dolmayla romantik baxışırıq, amma toxunmağa cürət eləmirəm. Deyəsən, aramızda hisslər yaranır. Dolmanın dili olsa deyər: “Əli, ye meni! Sən öl zəhərləməyəcəm”.
***
Deyir, fransızlar şərab, ingilislər çay, çexlər pivə, ruslar araq, azərbaycanlılar isə ən çox and içirlər.
***
Bir də facebookda ancaq şəxsi problemlərindən yazanlar var. “İşıqlarımız söndü. Allah bəlalarını versin”, “Liftimiz işləmir. Başlarına daş düşsün”, “Müdirim oğraşın biridir. Gözü çıxsın”, “Qaynanam zanudadır. Canı cəhənnəmə”, “Ərim alkoqolikdir, bizə baxmır. Qarğa məndə qoz var” və s… Rusların bir misalı var. Deyir: “İnsanlara problemlərinizi danışmayın. Onların yarısına sizin sıxıntılarınız maraqlı deyil, digər yarısı isə hətta sizin belə problemləriniz olduğu üçün sevinir”.