Deputatın jurnalistlərin 3-cü binası ilə bağlı təklifi narazılıqla qarşılandıbackend

Deputatın jurnalistlərin 3-cü binası ilə bağlı təklifi narazılıqla qarşılandı

Milli Məclisin deputatı Etibar Əliyev dövlət tərəfindən jurnalistlər üçün tikilən binalardakı evləri şəhid ailələrinə verməyi təklif edib.

KONKRET.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında yazıb.

Millət vəkili qeyd edib ki, media işçilərinə verilən evlər jurnalistikada keyfiyyəti də artırmayıb:

“Azərbaycanda jurnalistlərə iki böyük bina inşa edilərək verilib. Amma bu jurnalistika keyfiyyətini əsla dəyişməyib. Alimlərə heç bu qədər qayğı yoxdur və üstəlik onlar üçün tikilən binanı Akif Əlizadə və onun ətrafındakı yaxınları zəbt ediblər. İndi də deyirlər ki, jurnalistlər üçün 3-cü bina tikilir. Ay məmləkət, ölkədə demək olar ki, qəzet yoxdur, cəmi üzdə olan 5-6 sayt var. Həmin saytlar da reklam və xəbərlər dərc etməklə məşğuldurlar. Başqa adamlar üçün saytları əlçatmaz ediblər, cəmiyyətin imkanlı adamlarına çevriliblər. Analitik yazılar yoxa çıxmaq üzrədir. Müsahibə götürən jurnalisti də sonradan axtarırsan ki, niyə fikrimi təhrif etmisən? Əvvəlki binalarda ev alanların çoxu jurnalistikadan uzaqlaşıb. Jurnalist adı ilə katibələrə, sürücülərə evlər verilib. Bu sənət belə ucuzlaşdırılıb. Tanıdıqlarımın bir neçəsi oradakı evləri satıblar və bu hallar davam edir. Belə təqdirdə mənzil imitasiyasına son qoymaq lazımdır. Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir”.

Etibar Əliyevin bu fikirlərinə bir neçə tanınmış jurnalist də münasibət bildirib.

“Yeni Müsavat”ın redaktoru Xalid Kazımlı deputatın fikirləri ilə razılaşmayıb: “Heç kəs burada jurnalistləri xor görməsin. Bu ölkədə onlara işi düşməyən qalmır. Haqsızlığa məruz qalanların hamısı bir-bir jurnalistlərin üstünə qaçır. Vaxtilə yerlə-göylə əlləşən nazirlər olub, məhkəməsində jurnalistlər oturan skamyalara boylanırdı ki, görəsən, gəliblər. Jurnalistləri döydürən oliqarxlar vardı, axırda redaksiyalara hədiyyə göndərirdi ki, bəyanatını çap eləsinlər. Uzun illərdir məhz jurnalistlər yetim-yesirdir. Vəkillərin bacarmadığını jurnalistlər həll edir. Çox adamın tanımadığı adamları jurnalistlər ekspert edib məşhurlaşdırıblar. Etibar bəy gərək belə söz yazmayaydı. Onun da karyerasında jurnalistlərin əməyi var. Şəhid və qazi ailələrinin hamısı evlə təmin olunacaq. Onların evlə təmin olunması üçün başqa aztəminatlı qrupun haqqına girmək olmaz. Hələ sovet dövründə də jurnalistlər, yazıçılar və başqa sosial qruplar mənzillə təmin edilirdi. Yeni bir şey deyil”.

Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı isə 30 il jurnalistlərin də Qarabağ uğrunda informasiya savaşında iştirak etdiklərini xatırladıb:

“Deputat dostumuz, dəyərli Etibar Əliyev jurnalistlər üçün tikilmiş 3-cü binanın media mənsublarına deyil, şəhid və qazi ailələrinə verilməsi təklifi ilə çıxış edib. Bu məsələ uzun müddətdir ki, davamlı olaraq gündəmə gəlir. Hətta, yanılmıramsa, bəzi məmurlar da bu mənzillərin jurnalistlərə verilməyəcəyinə işarə edən açıqlamalar veriblər. Ona görə də bu yöndəki fikirlərimi bölüşmək istəyirəm.

Təbii ki, Qarabağ müharibəsində sağlamlığını itirmiş qazilərin, həyatını qurban vermiş qəhrəman oğullarımızın ailə üzvlərinin mənzil-məişət problemlərinin həlli dövlətimiz üçün prioritet məsələdir və əminəm ki, bu, həmişə belə olacaq. Şəhidlərimiz də, qazilərimiz də başımızın tacıdır və nəyimiz varsa, onlara qurban olsun! Şuşanı azad etmiş, Qarabağı işğaldan qurtarmış hərbçilərimiz bu ölkədə ən rahat, ən firavan yaşayışa, ən üstün təminata haqq edirlər və xüsusi olaraq qeyd etmək istəyirəm ki, onların bu yöndəki problemləri ölkə rəhbərliyinin, ilk növbədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir. Bir yox, min bina qurban olsun o qəhrəmanlara! Amma…

Dostlar, səhv etmirəmsə, bu ölkədə 13 mindən artıq şəhid və qazimiz var. 255 mənzilli bir binanı onlara bağışlamaqla məsələ çözülməz. 255 mənzili 13 min ailə arasında necə bölüşdürmək və o əziz insanları necə razı salmaq olar?! Əlbəttə, o ailələrin hər biri üçün mənzillər inşa edilir – elə ötən gün Xocasəndə qazilər və şəhid ailələri üçün yeni evləri şəxsən Prezidentimiz təqdim etdi, – bundan sonra da ediləcək və onların təkcə ev yox, bütün problemləri həll ediləcək. Həmçinin doğma yurd-yuvalarına qayıdacaq məcburi köçkünlər üçün inşa edilmiş binalar da qazilərə və şəhid ailələrinə veriləcək.

Qazilərimiz və şəhid ailələri üçün hər şey edilir və ediləcəyinə də kimsə şübhə edə bilməz. Bir ömür başımız-gözümüz üstdə yerləri var. Ancaq məgər jurnalist də bu dövlətin əsgəri deyil?! Məgər onlar da 30 ildir Qarabağ uğrunda döyüşmürlər? Ön cəbhədə döyüşmək qədər çətindir axı informasiya savaşında iştirak etmək! Hələ maarifçilik missiyası! O qəhrəman oğulların yetişməsində medianın rolunu, xidmətini kiçiltmək, görməzlikdən gəlmək insafsızlıq deyilmi? Və yaxud 3-5 üz qarası “jurnalist”ə görə bütün media cameəsini gözdən salmaq olarmı?

Prezident İlham Əliyev İkinci Qarabağ savaşının qəhrəmanlarını necə xarakterizə etmişdi: son 17 ildə yetişən gənclik… O gəncliyin yetişməsində medianın da əməyi var axı. Prezidentimiz məgər “jurnalistlər mənim köməkçilərimdir” deyərkən, həm də bu missiyaya işarə etmirmi?

İstənilən məsələdə fikir ayrılığımız ola bilər, zaman-zaman olub da, ancaq Qarabağ məsələsində zərrə qədər də qələbəmizə şübhə yaratmayıb media. Bugünkü misilsiz Qarabağ Qələbəsini 30 il öncədən görüb, inanıb və yayıb Azərbaycan mediası. Ali Baş Komandanımızın dediklərinə sidq ürəklə inanmışıq! Xalqımızın ruhunu, əzmini, inamını ayaqda tutmaq üçün biz də gücümüz çatanı etmişik. Hər an tətikdə olmuşuq. Birmənalı olaraq, harada, hansı siyasi qüvvənin yanında dayanmasından asılı olmayaraq, hər kəs üçün Qarabağ milli hədəf olub. Kimsə bəyənməyə bilər, amma lütfən, xidmətlərimizi danmayın. O səbəbdən də həmkarlarımın da bu müzakirələrə qoşulmasında fayda görürəm.

Əvvəla, bu, dövlətin sosial yönümlü layihəsidir. Jurnalistlər də aztəminatlı təbəqəyə aiddir və dövlət onların həm maddi texniki bazasının güclənməsinə, həm də mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək verir. Bu, Prezident İlham Əliyevin müstəsna səlahiyyətidir, media mənsublarının problemlərinə həssas münasibətinin göstəricisidir və alqışlanmalıdır. Bu binalar Prezidentin müvafiq sərəncamları əsasında tikilib. Prezident İlham Əliyev həmişə “mənim sözüm mənim imzamdır” deyir. O halda siz dövlət başçısının imzasınamı qarşı çıxmaq istəyirsiniz? Axı o, hər 3 binanın təməlqoyma mərasimində iştirak edib. Bütün bunlardan sonra Prezidentin bu nəcib addımına qarşı çıxmaq, nəhayət, illərdir ki, özünə məxsus evinin, yuvasının olacağını, kirayələrdən canı qurtaracağını səbirsizliklə gözləyən jurnalistlərin sonuncu ümidini öldürmək olarmı?

Məncə, qətiyyən olmaz. 3-cü binadakı o mənzillər də jurnalistlərə paylanmalıdır. Və əlbəttə ki bir şərtlə: ədalətlə, haqqı çatana, həqiqətən də ehtiyacı olana verilməlidir mənzillər. Əvvəlki 2 binada mənzillər paylanarkən böyük ədalətsizliklər oldu, haqlısınız. Katibələrə, sürücülərə, bir neçə evi olan jurnalistlərə, hətta jurnalist olmayanlara da evlər peşkəş edildi. Söz-söhbət, narazılıqlar da məhz ədalətsiz münasibətdən ortaya çıxdı. Bu dəfə isə ədalətlə paylamaq olar mənzilləri və jurnalistləri daha da ruhlandırmaq olar. Bizim bir-birimizdən başqa kimimiz var?! Gəlin, bu məsələdə həmrəy olaq və Prezidentimizin bu nəcib jestini yüksək qiymətləndirməyi bacaraq.

Bəli, misli-bərabəri, dünyada analoqu olmayan bir addımdır, gözəl nümunədir, təqdirəlayiq örnəkdir, təmənnasız edilən dəstəkdir. Cənab Prezidentdən xahiş edirik ki, sözügedən mənzillərin ehtiyacı olan jurnalistlərə bağışlanması üçün göstəriş versin və bu nümunə, bu layihə davamlı olsun. Biz birlikdə güclüyük. Və bütün çətinliklərə də birlikdə, əl-ələ, çiyin-çiyinə sinə gərəcəyik.

Önümüzdə uzun bir Yol, müqəddəs Amal var! İnformasiya cəbhəsindəki əsgərlərinizə inanın, Cənab Prezident!”

“Sputnik” saytının əməkdaşı Zülfiyyə Quluyeva deputatları səs oğrusu adlandırıb və millət vəkilinin yazdıqlarına etiraz edib: “Əvvəlki çalışdığım mətbu orqanlarda sizdən dəfələrlə müsahibə almışam. Hələ deputat olmadığınız dövrdə, təhsil eksperti olaraq. Qazilər bizim baş tacımızdır, onlara canımız da qurbandır. Bu öz yerində. Jurnalistlərə ev verilməsini doğru hesab etmirsiniz. Amma bu cəmiyyətdə doğrunun ardına düşsək, gərək Milli Məclisdə barmaqla sayılacaq qədər deputat qalsın. Ölkədə deputatları xalq seçsin. Deputatların mütləq əksəriyyəti səs oğrusudur. Onlar seçici səsi ilə seçilməyib. Ona görə də bu gün Milli Məclisdə bu millətin güzəranının ağır olduğunu Əli Məsimli, Fazil Mustafa dan başqa dilə gətirən deputat yoxdur. Əgər bu ölkədə jurnalist normal əmək haqqı alsa, biznesmen deputatlar, nazirlər tikinti sektorunu monopolyaya alıb mənzillərin qiymətini ceyranın belinə qaldırmasa, jurnalist də, müəllim də gedib halal qazancı ilə ev alar. Siz deputatsınız, bu problemlərimizi Milli Məclisdə qaldırıb sadaladığım problemlərin aradan qalxmasına yardımçı olun, bizə də sizin qədər əmək haqqı verilməsini təmin edin, 1-ci, 2-ci hətta 3-cü jurnalistlər binası elə deputatların özlərinə paylansın. Biz də bu möhnətdən, tənədən xilas olaq”.

“Yeni Sabah” saytının baş redaktoru Seymur Verdizadə jurnalistlərə qarşı bu çıxışın doğru olmadığını bildirib: “İki-üç yanlış adama görə vicdanlı jurnalistləri qaralamaq olmaz. Bu ölkədə balalarını gözünün nuru ilə böyüdən çoxlu sayda ləyaqətli qələm adamı var. Azərbaycan mətbuatı onların çiynində dayanıb”.

Gənc jurnalist Famil Fərhadoğlu deputatların maaşlarının da şəhid ailələrinə veriləcəyi halda E.Əliyevin fikirlərini dəstəklədiyini yazıb: “Gözəl təklifdir.Millət vəkillərinin də maaşlarının yarısı, məzuniyyət pulları da şəhid ailələrinə verilsin”.

Qeyd edək ki, jurnalistlərin 3-cü binasının nə vaxt təhvil veriləcəyi ilə bağlı heç bir rəsmi məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*