“Mitsubishi Motors” MMC-nin Azərbaycanda rəsmi dileri olan “Diamond Motors”la bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.
KONKRET.az xəbər verir ki, “Diamond Motors”un İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
“Diamond Motors”a qarşı irəli sürürlmüş maddəyə aydınlıq gətirən hüquqşünas Əkrəm Həsənov Tribunainfo.az-a açıqlamasında bildirib ki, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. verilmiş 2 il müddətində mal ölkəyə gətirilmirsə, bu, sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:
“Bu maddənin qısa mahiyyəti belədir ki, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir.Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var. Ölkədən elə-belə pul çıxarmaq olmaz, gərək nə isə alasan. Bunun üçün verilən müddət də iki ildir”.
Ə.Həsənov deyib ki, iki il ərzində həmin mal ölkəyə gəlməlidir: “Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir”.
Hüquqşünas bildirib ki, burada cərimələr çox yüksəkdir:
“Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.