“Cəmiyyətin nizamı üçün hər kəs öz sənət və peşə funksiyasını bilməlidir. Hər bir vətəndaş vəzifəsindən, peşəsindən asılı olmayaraq vətənini sevməli, dövlətin qanunlarına qeyd-şərtsiz tabe olmalıdır. Bura ilahiyyatçılar, dinşünaslar, teoloqlar, metafiziklər, din xadimləri də daxildir. Dinin dövlətdən ayrı olması o demək deyil ki, inanclı vətəndaşlar, ilahiyyatçı və dinşünaslar tərki dünya olmalı, dövlətinə, xalqına xidmət etməməlidir. İlahiyyatçılıq, dinşünaslıq bir ixtisasdır. Din xadimi isə məscid, məbəd, ziyarətgahlarda rəsmi fəaliyyət göstərən şəxslərdir. Din xalqımızın mədəni, mənəvi dəyərlərindən biridir. Təbii ki, din xadimi gərək bu dəyərlərin qorunmasına öz töhfəsini versin. Dini qorumaq Allaha məxsusdur. Ancaq dövlət maraqlarının, dəyərlərimizin qorunub müdafiə olunmasında hər kəs vətəndaşlıq borcunu yerinə yetirməlidir. Ancaq bəzi din xadimləri, ilahiyyatçı kimi təqdim olunan, əsasən də xaricə bağlı şəxslər dövlət əleyhinə zərərli işlər görürlər. Bu, həm dinə həm də vətənə xəyanətdir”.
Bu fikirləri KONKRET.az-a açıqlmasında ilahiyyatçı Tural İrfan səsləndirib:
Tural İrfan
“Xalqımızın milli mənəvi dəyərlərinə, ənənələrimizə uyğun şəkildə gəlib çatmış mədəni sərvətlərimizi qorumaq hər birimizin borcudur. Doğrudur, din xadimləri siyasətə qarışa bilməzlər. Özümüzün müvafiq dini komitəmiz və idarəmiz var. Lakin buna baxmayaraq yad təsirlər hələ də özünü büruzə verir.
Hər bir din xadimi, ilahiyyatçı dövlətin qanunlarına tabe olmalıdır. Ona görə ki, dövlət də din qədər müqəddəsdir. Əgər dövlət olmasa nə din, nə əxlaq, nədə məscid, kilsə, sinaqoq qalar. Biz dünyanın çox yerlərində öz dövlətinin qədrini bilməyənlərin halını gördük. Namus da, ismət də, din də əldən getdi. Ona görə ilk növbədə dövləti qorumaq, onun qanunlarının əksinə addım atmamaq lazımdır. Dövlətə xidmət etmək üçün siyasətlə məşğul olmağa gərək yoxdur. Din xadimi konstitusiyaya, qanunlara tabe olsun, milli, dini, irqi, məzhəbi ayrıseçkilik, təfriqə, təxribat salmasın, xurafat və radikalizm yaymasın, öz vəzifələrini bilsin və normal icra etsin. Bu, kifayətdir. Din xadimlərinin dövlətə zərər vurmamasının özü də bir xidmətdir. Din xadimi moizələrində, çıxışlarında, təblığatında xalqın birliyini pozacaq sözlərə yer verməməli, din adı altında xarici maraqlara alət olmamalıdır”.
İlahiyyatçı qeyd edib ki, dövlətin inanclı insanlara yaratdığı yüksək şəraiti qiymətləndirmək vacibdir:
“Nemətə şükr etməmək dində ən böyük qəbahət sayılır. Heç bir müsəlman ölkəsində bizdəki qədər inanclı insanlara münbit şərait, imkan yaradılmayıb. Sadəcə hər kəs bunun qədrini bilməli, dövlətə, onun qanunlarına riayət etməlidir”.
Aynurə İsmayıl
KONKRET.az