Əmək bazarında islahatların davamı olaraq, saatlıq əmək haqqı sisteminə keçid məsələsi gündəmdədir. Yeni sistemin tətbiqi ilə bağlı əsas suallardan biri isə minimum əmək haqqı prinsipinin necə qorunacağıdır.
Mövzu ilə bağlı İqtisadçı ekspert Natiq Cəfərli KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçidlə bağlı müzakirələr davam etsə də, bu prosesin yaxın zamanda baş tutması real görünmür.
“Bunun əsas səbəbi mövcud əməkhaqqı sistemində fundamental uyğunsuzluqların olmasıdır. Hazırda ölkədə minimum əməkhaqqı 400 manat təşkil edir. Əgər bu məbləğ 5 günlük iş həftəsi əsasında hesablanarsa, iş saatına düşən məbləğ təxminən 2 manat 30 qəpik olur. 6 günlük iş rejimində isə bu göstərici 1 manat 80 qəpik civarındadır. Bu rəqəmlər saatlıq əməkhaqqı üçün həddindən artıq aşağıdır və sistemin tətbiqini çətinləşdirir”.
İqtisadçı qeyd edib ki, bu məsələnin hələlik fundamental şəkildə həll olunmaması səbəbindən saatlıq iş rejiminə keçid uzanır. Hazırkı mərhələdə sistemin bu il ərzində qəbul olunması da real görünmür.
Aynurə İsmayıl
KONKRET.az