Azərbaycan bank sektorunda kredit faizlərinin yüksək olması uzun illərdir ki, iqtisadi fəallığa təsir edən əsas faktorlardan biri kimi qiymətləndirilir. İstehlak krediti alanlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və ipoteka axtaran vətəndaşlar üçün aşağı faizli kreditlər arzuolunandır. Bəs görəsən, bu faizlərin azalması mümkündürmü?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda kredit faizlərinin aşağı düşməsi üçün ilk növbədə Mərkəzi Bankın uçot dərəcəsinin daha da azaldılması zəruridir. Bu amil mühüm rol oynasa da, əsas məsələ bank sektorunda rəqabətli mühitin formalaşdırılmasıdır.
“Hazırda ölkə bank sektorunun təxminən 75 faizi cəmi 4 bankın nəzarətindədir. Bu isə sektorda sağlam rəqabətin zəifliyinə və nəticə etibarilə, kredit faizlərinin yüksək qalmasına səbəb olur.Mərkəzi Bank kredit siyasətində müəyyən addımlar atır. Ancaq real nəticələrin əldə olunması üçün yerli banklar arasında rəqabət artırılmalı, eyni zamanda xarici bankların bazara birbaşa çıxış imkanları genişləndirilməlidir,”.
Onun fikrincə, rəqabətli mühit gücləndiyi halda banklar arasında müştəri uğrunda mübarizə artacaq və bu da təbii olaraq kredit faizlərinə təsirsiz ötüşməyəcək.
Bununla belə, yaxın perspektivdə kredit faizlərində ciddi azalma gözlənilmir. Struktur problemləri və mövcud bazar payı bölgüsü bu prosesi ləngidir.
Aynurə İsmayıl
KONKRET.az