Etibarnamə ilə avtomobil alqı-satqısı Azərbaycanda geniş yayılsa da, bu üsul alıcılara ciddi hüquqi və maliyyə riskləri yaradır. Xüsusilə, nəqliyyat vasitəsinin rəsmi sahibinin kredit borcu olduğu hallarda, avtomobilin üzərinə həbs qoyulması və hətta hərraca çıxarılması ehtimalı artır.
Bəs etibarnamə ilə əldə edilən avtomobil, sahibin borclarına görə alıcının əlindən alına bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, etibarnamə ilə alınan avtomobil hüquqi baxımdan alıcının mülkiyyəti hesab olunmur:

Əkrəm Həsənov
“Belə halda avtomobil faktiki olaraq onu satan şəxsin adına qalır. Etibarnamə sadəcə müvəqqəti idarəetmə hüququ verir və istənilən vaxt ləğvi mümkündür. Əgər həmin şəxsin kredit borcu varsa, icra orqanları avtomobilin üzərinə həbs qoya və onu hərraca çıxara bilər.”
Ekspertin sözlərinə görə, bu vəziyyətdə alıcı yalnız “vicdanlı alıcı” olduğunu sübut etməyə çalışa bilər:
“Bunun üçün o, avtomobili real şəkildə satın aldığını, istifadə etdiyini və satıcı ilə heç bir qohumluq və ya şəxsi maraq əlaqəsinin olmadığını əsaslandırmalıdır. Əgər alıcı bunu sübut edə bilməzsə, icra orqanlarının avtomobili borcun ödənilməsi üçün müsadirə etməsi tam qanunidir.”
Ə.Həsənov vurğulayıb ki, etibarnamə ilə avtomobil almaq hər zaman risklidir və belə əməliyyatlar zamanı hüquqi sənədlərin tam rəsmiləşdirilməsi vacibdir.
Müşviq Tofiqoğlu
KONKRET.az
