Azərbaycanda qohum evlilikləri məsələsi illərdir həm hüquqi, həm də sosial müstəvidə müzakirə olunan mövzulardan biridir. Qanunvericilik yaxın qohumlar arasında rəsmi nikahın bağlanmasına məhdudiyyət qoysa da, bu qadağanın praktikada necə tətbiq olunduğu və pozuntulara qarşı hansı addımların atıldığı cəmiyyətdə müxtəlif suallar doğurur. Xüsusilə, qeyri-rəsmi münasibətlər fonunda bu məsələnin hüquqi tərəfi daha da aktuallaşır.
Bəs qohum evliliyi ilə bağlı qadağanı pozanları hansı cəza gözləyir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən yaxın qohumlar arasında rəsmi nikahın bağlanması mümkün deyil. Onun sözlərinə görə, bu məhdudiyyət Ailə Məcəlləsində açıq şəkildə öz əksini tapıb.

“Rəsmi nikahdan söhbət gedirsə, bu, mümkün deyil və qeydiyyata alınmır. Amma məsuliyyət məsələsi ayrıca nəzərdə tutulmayıb. Qeyri-rəsmi münasibətlərə gəldikdə isə burada faktiki olaraq məhdudiyyət yoxdur. Yəni insanlar rəsmi nikah olmadan birlikdə yaşaya bilirlər və bununla bağlı hüquqi mexanizm mövcud deyil”.
Mehman Muradlının sözlərinə görə, mövcud qanunvericilik yalnız rəsmi nikahın qarşısını almağa yönəlib, qeyri-rəsmi münasibətlər isə hüquqi baxımdan tənzimlənmir.
Beləliklə, qanun yaxın qohumlar arasında rəsmi nikahı qadağan etsə də, bu qadağanın pozulmasına görə konkret cəza tədbiri nəzərdə tutulmur və məsələ əsasən hüquqi qeydiyyat mərhələsində məhdudlaşdırılır.
Aynurə İsmayıl
KONKRET.az
