Azərbaycanda vətəndaşların üzləşdiyi əsas maliyyə problemlərindən biri də eyni vaxtda bir neçə öhdəliyin – xüsusilə aliment və kredit borclarının ödənilməsi məsələsidir. Belə hallarda maaşdan tutulmaların necə aparılması, hansı borcun prioritet sayılması və vətəndaşın əlində nə qədər vəsait qalacağı ciddi maraq doğurur. Mövcud qanunvericilik bu prosesi müəyyən çərçivəyə salsa da, praktikada bir çox suallar ortaya çıxır: görəsən, həm aliment, həm də kredit borcu olduqda maaşdan tutulma necə hesablanır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qanunvericiliyə əsasən bu kimi hallarda tutulmalar müəyyən limitlər çərçivəsində və mütənasib qaydada həyata keçirilir.

Onun sözlərinə görə, vətəndaşın maaşından tutulmaların ümumi məbləği adətən aylıq gəlirin 50 faizini keçə bilməz. Lakin aliment öhdəliyi olduqda bu hədd daha yüksəkdir və maksimum 70 faizə qədər artırıla bilər. Yəni şəxs həm aliment, həm də kredit borcu daşıyırsa, onun maaşının ən çox 70 faizi tutulur.
Ekspert qeyd edib ki, bu zaman tutulmuş məbləğ kreditorlar arasında mütənasib şəkildə bölüşdürülür:
“Əgər vətəndaşın aylıq maaşı 1000 manatdırsa, bu məbləğin maksimum 700 manatı borclara yönəldilə bilər. Tutaq ki, aliment borcu aylıq 500 manat, kredit borcu isə 1000 manatdır. Bu halda 700 manatlıq tutulma məbləği borcların həcminə uyğun şəkildə bölünür. Yəni kimin tələbi daha çoxdursa, ona düşən pay da nisbətən yüksək olur. Bölgü zamanı hər iki öhdəlik nəzərə alınır və balans qorunur. Nəticədə həm aliment ödənişi, həm də kredit borcu üzrə öhdəliklər paralel şəkildə yerinə yetirilir, lakin qanunla müəyyən edilmiş maksimum hədd – yəni maaşın 70 faizindən artıq tutulma aparıla bilməz”.
Ekspert vurğulayıb ki, qalan borc məbləği isə növbəti aylara ötürülür və həmin limitlər daxilində mərhələli şəkildə ödənilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
