Payız aylarında bir çox insan özünü halsız və yorğun hiss edir. Əgər bir insan payızda daim yorğun və halsızdırsa, bu hal vitamin çatışmazlığı ilə bağlı ola bilərmi?
Həkim-terapevt Günay Lətifova KONKRET.az-a açıqlamasında bildirib ki, payızda orqanizmdə hormonal və vitamin balansının pozulması insanın ümumi vəziyyətinə ciddi təsir göstərir:

“Qalxanabənzər vəzinin stabil qalması, insulin və kortizol kimi hormonların normal səviyyədə olması çox vacibdir. Bu hormonlar insanın enerjili və balanslı olmasına təsir edir. Vitaminlər də orqanizmdə mühüm rol oynayır. Məsələn, D vitamini çatışmazlığı oynaqlarda ağrı, halsızlıq və yorğunluğa səbəb olur.”
Həkimin sözlərinə görə, payızda günəş şüalarının azalması da insanların psixoloji durumuna təsirsiz ötüşmür:
“Günəşli hava insanların əhval-ruhiyyəsini yaxşılaşdırır. Payızda günəşli günlərin azalması psixoloji olaraq insanları ruhdan salır. Üstəlik, yay tətilinin bitməsi, iş rejiminin başlaması da bu dövrdə əlavə stres yaradır.”
Günay Lətifova tövsiyə edir ki, hər kəs ildə bir dəfə əsas hormonlarını yoxlatdırsın və mümkün qədər vitaminləri təbii qidalardan qəbul etsin:
“Orqanizmdəki hormonal balansın və vitamin səviyyəsinin izlənməsi payız və qış aylarında özünü daha yaxşı hiss etməyə kömək edir.”
Aynurə İsmayıl
KONKRET.az
