Yay mövsümünün gəlişi ilə qarpızdan zəhərlənmə hallarında artım müşahidə olunur. Zəhərlənmə əsasən düzgün saxlanılmayan və ya vaxtından əvvəl yığılıb satışa çıxarılan qarpızlardan qaynaqlanır.
Maraqlıdır, qarpızdan zəhərlənmə özünü necə göstərir?
Mövzu ilə bağlı həkim-terapevt Günay Lətifova KONKRET.az-a açıqlamasında bildirib ki, zəhərlənmə özünü ilk növbədə ürəkbulanma, qusma, halsızlıq, təzyiqin aşağı düşməsi kimi əlamətlərlə büruzə verir.
“Bu əlamətlər yaranan kimi dərhal təcili tibbi yardıma müraciət etmək tövsiyə olunur. Vaxtında müdaxilə edilmədikdə qarpızdan zəhərlənmə daha ciddi fəsadlara, xüsusən də böyrək və mədə-bağırsaq sistemində problemlərə səbəb ola bilər”.
Həkim qarpız alarkən onun təbii yetişib-yetişmədiyinə diqqət etməyi, üzərində zədələnmə izləri olan meyvələrdən uzaq durmağı və kəsilmiş halda satılan qarpızların istehlak olunmamasını tövsiyə edir.
Aynurə İsmayıl
KONKRET.az