Dörd satqın Oleqdən biri – adını, üzünü dəyişdirib Dumanlı Albionda gizlənən Lyalinbackend

Dörd satqın Oleqdən biri - adını, üzünü dəyişdirib Dumanlı Albionda gizlənən Lyalin

Nə qəribə təsadüfdür: SSRİ-nin kəşfiyyat tarixinin dörd ən böyük satqın kəşfiyyatçısının dördünün də adı Oleq olub. Bunlar aşağıdakılardır: Oleq Penkovski, Oleq Kalugin, Oleq Qordiyevski və Oleq Lyalin.

Üçüncü Oleq haqqında saytımızda geniş məlumat vermişik və verməkdəyik (onun memuarından parçalar dərc edirik). Birinci və ikinci Oleq barədə də məlumat verəcəyik. Bu gün isə axırıncı Oleqdən, Lyalindən bəhs edəcəyik.

Çünki o, SSRİ və DTK tarixinin ən ciddi satqını, ən çox zərər verən kəşfiyyatçısı sayılır.

Onun Qərbə, konkret olaraq İngiltərəyə sığınmasından sonra Sovet İttifaqı beynəlxalq qalmaqala cəlb olunub. İngiltərə 105 sovet diplomatı və kəşfiyyatçısını ölkədən qovub. SSRİ DTK-sı bir daha İngiltərədə və Qərbdə öz kəşfiyyat şəbəkəsini bərpa edə bilməyib. Üstəlik, Lyalini cəzalandırmaq da mümkün olmayıb.

Lyalinin İngiltərədə “ilişməsi” əhvalatı aşağıdakı kimidir: o, avtomobili ilə Londonda küçədə hərəkət edərkən yol polisi zabiti Çarlz Şirer onu saxlayıb. Şirer dərhal hiss edib ki, saxladığı adam içkilidir. Lyalin isə gözlənilmədən bəyan edib ki, heç kəsin ona toxunmaq ixtiyarı yoxdur, çünki o, SSRİ DTK-sının əməkdaşıdır. Yol polisi zabiti onun dediklərinə fikir verməyib və saxlanma hadisəsi mediaya sızıb. Bir neçə gündən sonra İngiltərə qəzetlərində DTK agentinin şəkilləri dərc olunanda bu, SSRİ və Böyük Britaniya arasında münaqişəyə və qalmaqala səbəb olub.

Uzun müddət ərzində hamı elə düşünürmüş ki, məxfi agent Lyalin sovet kəşfiyyatının Böyük Britaniyadakı bütün üzvlərini öz şəxsi toxunulmazlığı üçün satıb. Ancaq bu yaxınlarda məxfilik qrifi götürülən sənədlərdən aydınlaşıb ki, ingilislər sovet kəşfiyyatçılarına qarşı əməliyyatı bir neçə il müddətində hazırlayıblar.

Oleq Adolfoviç Lyalin 1937-ci ildə Stavropol diyarında doğulub. DTK-nın bir neçə məktəbində təhsil alıb. 1954-cü ildə Odessada dəniz akademiyasında oxuyub. O zaman o, xüsusi xidmət orqanlarının agenti olub və Odessa limanında baş verən qanunsuz işlər haqqında çuğulluq edib. Onun vəzifələrindən biri də qərbli dənizçilər barədə mümkün qədər çox şey öyrənib xəbərçilik etmək olub.

Lyalin öz çuğulluq peşəsinə məsuliyyət və sevgi ilə yanaşıb, ona görə də yuxarıların diqqətini cəlb edib və bir neçə ildən sonra ona DTK-nın rəsmi agenti olmağı təklif ediblər. Əvvəlcə Oleqi kəşfiyyat məktəbinə göndəriblər. Bu məktəb hələ də qapalı tipli təhsil müəssisəsidir.

DTK-nın 5-ci idarəsi onu sonrakı fəaliyyətə hazırlayıb. Kommunist ideologiyasının düşmənləri ilə mübarizə aparan bu idarə Lyalinə partizanlıq strategiyası və paraşütlə tullanmanı öyrədib. O, partladıcı maddələrlə işləmək bacarığı əxz edib.

Daha sonra Lyalin Londonda başqa ad altında işləməyə başıayıb. O zaman o, guya ki, beynəlxalq ticarət nümayəndəliyinin üzvü umuş. Lyalin şəhərdən kənar əraziləri tədqiq edib. Bu informasiya ona görə lazım olub ki, gələcəkdə, yeni müharibə halında sovet hərbçiləri İngiltərəyə müdaxilə edərlərsə, daha münasib yerlərdə təmərküzləşə bilsinlər.

Sovet kəşfiyyatçısının xeyli şəxsi informatoru və əlaqələri olub. Onun ikili casus olması barədə də bir çox nəzəriyyələr var. Guya ki, Oleqin ailəli ola-ola ticarət təşkilatlarından birində işləyən İrina Teplyakova adlı qadınla eşq macərası yaşamasından Britaniya kəşfiyyatının xəbəri olub və onu bu informasiyanı arvadına ötürəcəkləri ilə şantaj edərək əməkdaşlığa cəlb ediblər. Bu, həqiqət ola bilər. Çünki bu informasiya yayılacağı təqdirdə Lyalinin ailəsi dağıla bilərdi, üstəlik, Londondakı lüks həyatı və gəlirli işi əlindən çıxardı. Çünki DTK həm partiya xəttilə əməkdaşların əxlaqi səbatlılığına nəzarət edir, həm də bu cür “zəif yeri” olan kəşfiyyatçıları xidmət üçün uyğun saymırdı.

O zaman maraqlıdır, eləydisə, ingilis kəşfiyyatı nədən onun içkili halda avtomobil idarə etməsini, şəkli qəzetlərin birinci səhifəsinə veriləcək vəziyyətdə ictimailşdirib? Üstəlik, mətbuat təmsilçiləri dərhal yazıblar ki, içkili halda saxlanan sovet agenti kəşfiyyat haqqında bütün bildiklərini açıb deyib. Onu yol polisi tutmuşdusa, adam sadəcə susa bilərdi. Yox, bu ingilis kəşfiyyatçıların xüsusi əməliyyatıydısa, o zaman onlar özlərinə işləyən agenti niyə ifşa etsinlər, ondan daha sonralar da yararlanmaq istəməsinlər?

Bəlkə də artıq Lyalinin istifadə müddəti keçibmiş və onun saxlanması hadisəsi “İngiltərədəki sovet kəşfiyyatı şəbəkəsinin darmadağın olunması” əməliyyatının həlledici məqamı olub və bu oyuna nöqtə qoymaq, sovet casuslarını kütləvi şəkildə ölkədən qovmaq, Lyalini isə gizlətmək qərarı verilib.

Bir başqaları isə Lyalinin ingilislərə işləməyə məcbur qalmadığını, özünün lap əvvəldən bu əməkdaşlığa könüllü qol qoyduğunu iddia edib.

Oleq Lyalin həbs ediləndən sonra sovet ticarət firması ondan ötrü pul girovu qoyub. Ancaq məhkəmə zamanı gələndə o, artıq anlaşılmaz səbəblərdən məhkəmə zalında görünməyib və belə anlaşılıb ki, ingilis kəşfiyyatçılar Lyalini gizlədiblər. Həmin gün Oleq Lyalinin sevgilisi İrina Teplyakova da öz izini itirib.

Casus çıxan daha bir kəşfiyyatçı Oleq Kalugin öz həyatı və fəaliyyəti barədə yazdığı memuarda göstərib ki, o zamanlar sovet DTK-sının şefi olan Yuri Andropov bu hadisəyə görə çox hiddətlənib və Oleq Lyalinin tapılıb məhv edilməsi barədə əmr verib. Yəqin ki, o bunu dövlətin başçısı Brejnevlə də razılaşdırıbmış. Ancaq sovet kəşfiyyatçıları Lyalini heç cür tapa bilməyiblər. Sonradan məlum olub ki, o, ad-soyadını və plastik əməliyyat yoluyla xarici görünüşünü dəyişdirib.

Onun məşuqəsi İrina Teplyakova da ölkəyə qayıtmayıb, İngiltərədən siyasi sığınacaq alaraq, ölkənin şimalında yaşamağa başlayıb. Onıar ailə qurublar, amma bu nikah uzun sürməyib. İddia olunur ki, tanınmaması üçün qadının da sifətində “düzəlişlər” edilib və ona yeni sənədlər verilib.

Lyalin 1995-ci ilin fevralında uzun sürən xəstəlikdən sonra 57 yaşında öıüb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*