Dövlət Komitəsinin bu qərarı birmənalı qarşılanmadı – SƏRT İRADbackend

Dövlət Komitəsinin bu qərarı birmənalı qarşılanmadı – SƏRT İRAD

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda qayınana, qayınatanın ailəyə müdaxiləsi məişət zorakılığı sayılacaq. Komitə rəsmisi qeyd edib ki, bu gün boşanmaların əsas səbəblərindən biri ailələrə edilən kənar müdaxilələrdir. “Bəzən dövlət orqanları boşanmaq istəyən tərəfləri barışdırmağa çalışsa da, sonda yaxşı effekt vermirdi. Bəzi ərazilərdə hətta səhəri gün qətl hadisələri törədilirdi”, – deyə T.İbrahimova vurğulayıb.

Maraqlıdır ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda milli mentalitetdən irəli gələn daha hansı məsələlərlə bağlı dəyişikliklərə ehtiyac var? Ümumiyyətlə, məişət zorakılığının minimuma endirilməsi istiqamətində hansı effektiv addımlar atılmalıdır?

Sosioloq-alim Əhməd Qəşəmoğlu KONKRET.az-a açıqlamasında bildirib ki, əvvəlcə bu məsələ ilə bağlı geniş araşdırmalar aparılmalıdır.

Ekspert hesab edir ki, birdən-birə belə bir qərarın verilməsi doğru deyil. “Çünki hər hansı qadağa qoyularkən mütləq şəkildə onun fayda və zərəri nəzərə alınmalıdır, təhlil edilməlidir”.

Sosioloqun fikrincə, məişət zorakılığına qarşı belə qaydaların tətbiqinin tərəfdarı olan komitə gərək bu barədə mövqeyini daha əsaslandırılmış formada bildirsin.

“Milli-mənəvi dəyərlərimiz, o cümlədən, mentalitetimiz nəzərə alınmadan tətbiq edilən bu mexanizm heç vaxt uğurlu nəticə verə bilməz. Axı Dövlət Komitəsi hansı elmi-tədqiqat əsasında bu qənaətə gəlib? Bütün bunlar olmadan qərar vermək əhalinin müəyyən bir qismində ciddi gərginlik yarada bilər. Misal üçün Bakı kəndlərində, ölkəmizin cənub regionunda və müntalitetimizə daha çox bağlı olan digər ərazilərimizdə əgər qəfildən valideynə deyilsə ki, sizin övladınızın ailəsinə müdaxiləniz qanun pozuntusudur, o zaman həmin ailədə daha böyük gərginliklər yarana bilər”.

Əhməd Qəşəmoğlu sosioloq kimi çoxillik təcrübəsinə əsaslanaraq qəti surətdə bildirir ki, bu tip qərarları qəbul edərkən mütləq şəkildə əhalinin ümumi rəyi öyrənilməli və nəzərə alınmalıdır. Və yalnız bu halda qəbul olunacaq qərarlar öz müsbət nəticəsini verə bilər.

Bünyamin Bünyadzadə,

KONKRET.az

  • Tahir
    Dekabr 22, 2023 - 19:40

    Bu komitə yaranandan problemlər həll etməkdən çox problem yaratmaqla, milli mənəvi dəyərlərin məhvinə yönəlik qərarları ilə yadda qaldı. Axı bu komitə dövlətin boynunda oturaraq indiyədək nəyi həll edə bilib? Milyonlarla pulu göyə sovurmaqdan başqa. Bunların özləri normal bir ailəyə sahib deyillər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*