“Ölkə Prezidenti İlham Əliyevin təhsilə nə qədər böyük önəm verdiyini izah etmək üçün açılan məktəblərin sayına diqqət etsək, bu yetərli olar. Amma təhsilimizdə hələ də müəyyən problemlərin qalması hamımızı narahat edir”. Bu barədə Milli Məclisin komitə sədri Fazil Mustafa parlamentin bugunku plenar iclasında müzakirəsi zamanı bildirdi.
KONKRET.az redaktoraz-a istinadən xəbər verir ki, “Hər bir məktəbin əsas siması məktəbin direktorudur. Direktor olmalıdır. Elə universitetin də siması onun rektorudur. Direktorun xarakteri kimliyi o müəssisənin taleyinə çox önəmli təsir göstərir, orada təhsil prosesinin nə qədər keyfiyyətli olmasını təmin edir.
Azərbaycanda bu gün Təhsil Nazirliyinin də etiraf elədiyi kimi 600 məktəbdə direktor vəzifəsi boşdur. Yəni 600 məktəbin siması görünməməkdədir. Və direktor seçimi üçün hər dəfə yeni metodologiya kəşf olunur. Kiçik bir ölkədir, burada çox sayda da məktəbimiz yoxdur. Yəni Rusiya, Amerika Birləşmiş Ştatları kimi, Avropa ölkələri kimi. Bir direktor seçimi nədir ki, bu qədər testdən, bu qədər mərhələdən keçməli? İki yerə bölünür: 500 nəfərədək olan məktəblərdə bir prosedur gedir, oranı məktəb direktoru müavinləri, belə məktəb müəllimləri arasından müsabiqə yolu ilə seçilir. 500-dən çox olanda isə üç mərhələli sistem qoyulur. Mürəkkəb bir labirint yaradılır və heç də layiqli insanların məktəb direktoru seçilməsini təmin etmək mümkün olmur. Və bu da məktəblərdə təhsilin səviyyəsini xeyli aşağı salır. Bu bir ümummilli problem olduğuna görə mən dilə gətirirəm”.
Millət vəkili qeyd etdi ki, bu məktəblərdə çox sadə bir mexanizm var.
“Hər məktəbin direktor müavinləri var. Xarici ölkələrdə belədir. Burda da mərhələlər var, səfərliklə seçilir, amma müəyyən qədər, 10 il stajı olan adam məktəb direktoru seçilə bilər. Finlandiyada, başqa ölkələrdə bu meyar təsdiq olunur. Yəni bunun içində məktəbdə rəy sorğusu keçirirsən, kollektiv içində və 10 il stajı olan insanlardan birini seçirsən. Yaxud da bir kadr bankı yaradılır və qısa müddətdə bu kadr bankı, 5 il keçib, 10 il keçib. Nəcə olub ki, məktəb direktoru kadr bankı lazımi səviyyədə yaradılmayıb? Və bu da məktəbləri tənəzzülə uğradır. Bir il, iki il itirilən təhsil sonradan uşaqların taleyində öz sözünü söyləmiş olur.
Digər tərəfdən, xaricdə yüz minlərlə gənc və tələbə yetişdiririk. Qayıdıb gəlirlər, böyük əksəriyyəti işlə təmin olunmur. Özü təşəbbüs göstərməyincə, valideynləri ora-bura, o biri qapını döyməyincə bununla maraqlanan yoxdur. Xeyli hissəsi bizə müraciət edir ki, bizim işlə təmin olunmağımıza kömək edin. Yəni bu məsələyə ciddi diqqət verilməlidir. Dövlət pul xərcləyib. Dövlətin vəsaiti gedir. Cənab prezident böyük bir təşəbbüs göstərib, bu adamlar yetişiblər mütəvəssil kimi. Və bunun işlə təmin olunması ilə maraqlanmaq lazımdır”, – deyə Fazil Mustafa bildirdi.

