DTK-nın sirli şöbələri – kəşfiyyatçı-casus 13-cü şöbənin xaricdə nə iş gördüyünü xatırlayırbackend

DTK-nın sirli şöbələri - kəşfiyyatçı-casus 13-cü şöbənin xaricdə nə iş gördüyünü xatırlayır

1963-cü ilin 20 avqustunda ən yaxşı kostyumumu geyib, qalstuk bağlayıb, xidmətə yollandım. Buraxılış bürosu yerləşən kiçik binada mənə buraxılış vərəqi verdilər və DTK-nın baş binasına keçdim. Kəşfiyyat xidmətinin bütün əməkdaşları bu binanı eləcə Mərkəz adlandırırdılar. Komitənin əsas iqamətgahı bir-birilə əlaqəsi olan üç binadan ibarətdir.

İçəridə olarkən ilk diqqətimi çəkən şey o oldu ki, binadakı dəhlizlər və kabinetlər əla işıqlandırılmışdı və yaxşı ventilyasiya sisteminə malik idi, öz qüsursuz təmizliyi ilə heyrət doğururdu. Kadrlar şöbəsinə daxil olanda mənim yüksək əhval-ruhiyyəm bir balaca sönükdü. Ona görə ki, DTK hərbi təşkilat olsa da, burada hər şey rəisin və ya başqa bir idarənin imzaladığı xüsusi əmrlə başa gəlsə də, mənim hansı şöbədə işləyəcəyim barədə əmr hələ kadrlar şöbəsinə daxil olmamışdı.

Kadrlar şöbəsinin əməkdaşı, gülərüz gənc adam mənə dedi:

– Əmr gələnə qədər yaxşı olar ki, siz nəyləsə məşğul olasınız. Siz müvəqqəti olaraq kitabxanada işləyə, kitabları çeşidləyə bilərsiniz.

Tezliklə mən öyrəndim ki, DTK-nın bir yox, bir neçə kitabxanası var. Onlardan birində operatv ədəbiyyat, tədris vəsaitləri və broşüralar saxlanılırdı. Ən kiçik kitabxana 1-ci baş idarəyə məxsus idi. Üçüncüdə, əsas kitabxanada isə saysız-hesabsız kitab vardı: xarici sorğu kitabçaları və lüğətlər, atlaslar, ensiklopediyalar, tədris kitabları, eləcə də tarixi ədəbiyyat, hətta fantastik janra aid kitablar. Həyatımda bu qədər kitab toplusu görməmişdim.

Kitabların arasında Rusiyadakı vətəndaş müharibəsində ağqvardiyaçıların komandanı olmuş, Krımı müdafiə etmiş general Vrangelin avtobioqrafiyasını, eləcə də ilk dalğadan olan ağ mühacirlərin Qərbdə nəşr olunmuş memuarlarını gördüm. “İşə bax! – düşündüm. -Təkcə bütün bunlara çıxış əldə etmək üçün DTK-ya getməyə dəyər!” O zaman hələ bilmirdim ki, komitə işçiləri başlarına cəncəl açmasınlar deyə bu kitabxanaya nadir hallarda baş çəkirlər.

Kitabxanada işin başdan aşdığı məlum oldu. Burada yenilənmə işləri başladıldığı üçün iki gündən sonra hiss etdim ki, kitabları daşımaq, rəflərə yerləşdirmək kifayət qədər zəhlətökən işdir. Hələ xidmətə daxil olmağıma bir gün qalmış ümid edirdim ki, məni dərhal qeyri-leqal işə hazırlamağa başlayacaqlar. Təsəvvür edirdim ki, görüş mənzillərindən birində olacağam, sonra bir başqasına gedəcəyəm. Onlardan birində mənim üzv olduğum partiya təşkilatının katibi ilə görüşüm olacaq, digərində təlimatçıyla müntəzəm məşğələ keçəcəyəm, üçüncüdə mənə şəkil çəkmək sənətini öyrədəcəklər, dördüncüdə radio əlaqəsi qurmağı başa salacaqlar, beşincidə libas mütəxəssisi qeyri-leqal iş üçün müvafiq qarderob seçəcək. Ancaq belə çıxırdı ki, mənə kitabların çeşidlənməsi və rəflərdə yerləşdirilməsi ilə məşğul olmaq vəzifəsi hazırlanıb.

Kadrlar şöbəsinin həmin əməkdaşıyla növbəti görüşümüzdə soruşdum:

– Qulaq as, nə baş verir? Məni qeyri-leqal işə təyin ediblər. Bəs mən burada nəylə məşğulam?

Əməkdaş bir az utana-utana cavab verdi:

– Sizə münasibətdə rəhbərliyin planı dəyişib. Sizdən qeyri-leqal işçi hazırlamayacaqlar. S idarəsində (qeyri-leqallara xidmətlə məşğul olan xüsusi idarə) işləyəcəksiniz.

Buna görə ona etirazımı bildirdim:

– “Bağışlayın, amma mən qeyri-leqal işdə və ya siyasi idarədə işləmək istəyirdim. Xüsusi idarədə çalışmaq istəmirəm”.

– “Qorxuram ki, sizin seçiminiz yoxdur”, – o qeyd etdi. – “Sizi 2-ci şöbə götürüb və siz orda da xidmət edəcəksiniz”.

Bu yerdə kefim pozuldu – mən artıq bilirdim ki, təyin olunduğum idarə sənədləşdirmə işi ilə məşğul olur. Mən etiraz etməyə cəhd göstərdim, ancaq mənə dedilər ki, onlara məhz mənim kimi adamlar lazımdır və onsuz da mənə başqa yer təklif edə bilməzlər. Mənim eyforiyamdan əsər-əlamət qalmadı. Bir az əvvələ qədər əmin idim ki, məni maraqlı, həyatımı tam olaraq çulğayacaq hadisələr gözləyir, amma bu, bir saatın içində puç oldu. “Bundan sonra çətin ki, mən İsveç dilində kiminləsə ünsiyyətə girərəm. Bunun əvəzində, yəqin ki, dərrakəsi mənimkindən də dayaz olanlara dil öyrətməli olacağam. 101 saylı məktəbdə heç olmasa müəyyən azadlığım vardı, indi isə avarçəkən qula dönəcəyəm”, – düşünürdüm.

Mənim təyinatım barədə əmr hələ də gəlmədiyi üçün kadrlar şöbəsinin əməkdaşı mənə bir neçə günlüyə onun kabinetinə köçməyi və ona yardım etməyi təklif etdi. Bu, təvazökar, bir az da utancaq, otuzdan bir az artıq yaşı olan oğlanı DTK-ya yeddi il əvvəl götürmüşdülər. O, texniki təhsil aldığına görə, onu T (texniki) şöbəsinə yerləşdiriblər. Sonra onu ticarət nümayəndəliyinin əməkdaşı kimi Londona yollayıblar. Rəhbərlik çox tezliklə anlayıb ki, ondan yaxşı kəşfiyyatçı çıxmayacaq və o, Moskvaya qayıdanda ona kağız-kuğuz işindən başqa bir işi olmayan kadrlar şöbəsinə təyin ediblər.

Mən onun yanında keçirdiyim vaxt ərzində o, mənə İngiltərə haqqında bir xeyli danışdı. Bu ölkədə olmaq onun çox xoşuna gəlibmiş, ancaq onun təəssüratları çox primitiv idi: küçələrdə avtomobillərin hərəkəti pisdir; ingilislər çox itbazdır, hər tərəf saysız-hesabsız, ən müxtəlif cinslərdən olan itlərlə doludur; ingilislər, xüsusilə də qadınlar ətrafdakılara xoş təsir bağışlamaq üçün dəridən-qabıqdan çıxırlar. Sinələri ilə bağlı da eyni şeydir. Dəbli libas və ya ayaqqabıyla öyünməyi sevirlər.

– Əgər ingilis qadının qəşəng ayaqları varsa, – o, ağıllı görkəmlə izhar edirdi, – o zaman o, onları uzun donların altında gizlətməyə çalışmayacaq. — Sonra o, mənə çoxmənalı bir nəzər salaraq, sui-qəsd sözləşməsi tonuya davam etdi: — Elə şeylər görmüşəm ki… Bizim küçədən tez-tez bir qadın gəlib keçirdi. Bir dəfə o, paltarlarını çıxardı, çılpaq halda özünü nümayiş etdirdi.

Üstünə “Dövlət Təhlükəsizliyi Komitəsi” ştampı və SSRİ gerbi həkk edilən köhnə, maviyə çalan qovluqları seçərkən gözüm qovluğun üz qabığındakı kiçik pəncərədə mənə tanış olan soyada sataşdı: “QORDİYEVSKİ”. “Doğrudanmı mənimkidir? — beynimdə sual yarandı. — Amma yox, mənim şəxsi işim bu qədər qalın ola bilməz. O zaman bəlkə qardaşımınkıdır?” Ancaq məlum oldu ki, onunku da deyil. Qovluğun üstündə yazılmışdı: “Anatoli Georgiyeviç Qordiyevski, Yaponiya üzrə mütəxəssis, II dünya müharibəsinin veteranı”. Onun qovluğa tikilmiş hesabatlarına ötəri göz gəzdirdikdə yəqin etdim ki, Anatoli Georgiyeviç xüsusi savad yiyəsi deyil. O, DTK-dakı hesabatlarında elə şeylər yazmışdı ki, lətifə yerinə gedərdi.

Nəhayət, mənim təyinatım haqqında əmr kadrlar şöbəsinə gəlib çıxdı və məni S idarəsinin 2-ci bölməsinə qeyd etdilər. Bu idarənin hər bir şöbəsinin öz funksiyası vardı: 2-ci şöbə qeyri-leqalları lazımi sənədlərlə təmin edirdi, 3-cü onlara təlim keçir və xaricə göndərmək üçün hazırlayırdı, 5-ci təhlükəsizlik məsələləri və ifşa halında agentləri ölkədən çıxarmaqla məşğul olurdu. Başqa şöbələrin fəaliyyəti naməlumluq zülmətinə bürüncəkliydi. Məsələn, II dünya müharibəsi zamanı yaradılmış, düşmənin arxa cəbhəsində diversiya aktlarının təşkili ilə məşğul olan 13-cü şöbə həmin vaxt hələ də fəaliyyət göstərirdi. “Soyuq müharibə”nin başlanması ilə bu şöbə SSRİ-yə düşmənçilik edən ölkələrdə agentlər cəlb etmişdi, bu casusların vəzifəsi müxtəlif diversiyalar törətmək və fəhlələri tətilə təhrik etmək idi.

Əlbəttə, belə adamları tapmaq asan deyildi. Otuzuncu illərdə Avropada kommunizmin alovlu tərəfdarları çox olan vaxtlar, 13-cü şöbənin əməkdaşlarının işi asan idi, ancaq əllinci və altmışıncı illərdə Kremlin zövqünü oxşamaq üçün körpünü və ya yüksək voltlu elektrik nəqli xəttini partlatmağa cürət edən adamlar getdikcə azalmışdı. Bundan başqa, qitələrarası raketlərin icadıyla aydın olmuşdu ki, əgər üçüncü dünya müharibəsi başlansa, o, özündən əvvəlki iki müharibə kimi çox uzanmayacaq. Ona görə də dövlət təhlükəsizliyi sistemində 13-cü şöbənin rolu getdikcə lüzumsuz görünürdü. Bu şöbənin funksiyaları sırasına həm də xaricdə sui-qəsdlərin təşkili daxil idi və xüsusi olaraq bu məqsədlə hazırlanan qeyri-leqallar məhz 13-cü şöbədə qeydiyyata alınırdılar (Bu şöbə öz fəaliyyətini 1971-ci ildə, onun Londonda işləyən əməkdaşı Oleq Lyalin ingilislər tərəfə keçəndən və ingilislər dərhal ölkədən çox sayda sovet kəşfiyyatçılarını çıxarandan sonra dayandırıldı).

KONKRET.az

Bir cavab yazın