2025-ci il sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda III Bakı Təhlükəsizlik Forumu keçirilmişdir.
KONKRET.az xəbər verir ki, tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumun iştirakçılarına müraciəti oxunmuş, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş etdirilmişdir.
Açılış nitqi ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ənənəvi olaraq hər il təşkil edilən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnun olduğunu bildirmiş, dünyanın müxtəlif bölgələrindən olan ölkələrin təhlükəsizlik orqanlarını dəyirmi masa ətrafında birləşdirən və iştirakçı dövlətlərin sayının ildən-ilə artması ilə müşayiət olunan bu tədbirin beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi, məlumat və qarşılıqlı fikir mübadilələrinin aparılması, qlobal təhlükəsizliyə yönələn müasir çağırışlarla mübarizədə səylərin birləşdirilməsi baxımından önəmli platformaya çevrildiyini vurğulamış, forumun keçirilməsində göstərdiyi hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə etmişdir.
Xidmət rəisi beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan terror hücumlarının, silahlı münaqişələrin, texnogen qəzaların və ekoloji fəlakətlərin qarşısının alınmasında xüsusi xidmət orqanlarının vacib rol oynadığını, sadalanan mənfi təzahürlərin nəticəsində yaranan humanitar böhranlar zamanı kompleks yanaşmanın sərgilənməsinin, ölkələrin təhlükəsizlik qurumlarının və aidiyyəti təsisatlarının koordinasiyalı fəaliyyət göstərməsinin zəruriliyini diqqətə çatdırmışdır.
Xidmət rəisi çıxış edərək bildirib ki, humanitar böhranlar zamanı səmərəli nəticənin əldə edilməsi kompleks yanaşma və dövlət qurumları, o cümlədən təhlükəsizlik orqanları və xarici tərəfdaşlar arasında effektiv qarşılıqlı fəaliyyətin qurulması sayəsində mümkün olur.
Bu kontekstdə təbii fəlakətlərin, texnogen qəzaların və silahlı toqquşmaların əlamətləri, habelə kritik infrastrukturlara kiber və fiziki müdaxilənin edilməsi barədə niyyət və ya cəhdlərin erkən mərhələdə müəyyənləşdirilməsi olduqca vacibdir.
Göründüyü kimi, humanitar böhranların qarşısının alınmasında təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır. Kəşfiyyat və əks-kəşfiyyat məlumatlarının əldə edilməsi və mübadiləsi, erkən xəbərdarlıq, strateji planlaşdırma, təşkilati-hüquqi mexanizmlərin inkişafi və humanitar strukturlarla koordinasiyalı fəaliyyət sahələrini də əhatə edir.
Təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin düzgün təşkili yalnız fövqəladə halların nəticələrini azaltmaqla məhdudlaşmır, eləcə də humanitar tədbirlərin həyata keçirilməsinə dəstək verməklə həm vətəndaşların rifahının yaxşılaşdırılması, həm də dövlətin təhlükəsizlik və legitimlik maraqlarının təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır.
Daha sonra tədbir müvafiq ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələrinin çıxışları ilə davam etmiş, budəfəki Bakı Təhlükəsizlik Forumunun da beynəlxalq və regional təhlükəsizliyin təminatı üçün birgə səylərin səfərbər olunmasına, xüsusi xidmət orqanları arasında əməliyyat diplomatiyasının, qarşılıqlı fəaliyyətin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə olunmuşdur.
Tədbir nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsinin qəbul edilməsi ilə başa çatmışdır.