Xəbər verdiyimiz kimi, Qax rayonunun icra başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
KONKRET.az Publika.az-a istinadla Musa Şəkiliyevin tərcümeyi halını təqdim edir.
Şəkiliyev Musa Şaban oğlu 1959-cu ildə Qax rayonunda anadan olub. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirmiş, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olub və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirib.
Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlamışdır. O, 1981–1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986–1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987–1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989–2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002–2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləyib.
Yeni Azərbaycan Partiyasının üzvü Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.