ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenskini diktaturada ittiham etməsi həm ukraynalıların, həm də Avropalı müttəfiqlərin hiddətinə səbəb olub.
KONKRET.az xəbər verir ki, bir sıra dövlət başçıları və aparıcı siyasətçilər Zelenskiyə dəstək ifadə ediblər.
Almaniya kansleri Olaf Şolts “Spiegel”ə müsahibəsində Trampın ittihamlarını yanlış və təhlükəli adlandırıb.
Norveçin baş naziri Jonas Gahr Støre “DQR”ə müsahibəsində bunları deyib: “Düşünürəm ki, bu, çox ədalətsiz addımdır. O, səs çoxluğu ilə seçilmiş prezidentdir və səlahiyyət müddətinin ortasından müharibə aparır”.
Almaniyanın vitse-kansleri Robert Habek: “ABŞ prezidentinin bəyanatı şokedicidir. Bu, reallığın görünməmiş təhrifidir və son dərəcə təhlükəlidir. Həqiqət budur ki, diktator Putin demokratik Ukraynanı işğal edib”.
Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi və tərəfdaşları Ukraynanı dəstəkləyir və Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün tam məsuliyyət daşıyacaqlar.
“Mən indicə Avropa İttifaqından, eləcə də Kanada, İslandiya və Norveçdən olan bir neçə həmkarımla uzun söhbət etdim. Fransanın və onun tərəfdaşlarının mövqeyi aydın və vahiddir. Biz Ukraynada uzunmüddətli və möhkəm sülh istəyirik. Biz Ukraynanın yanındayıq və Avropada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün tam məsuliyyət daşıyacağıq. Bu, Fransanın əsas marağıdır və mən onun qarantıyam”.
Çexiya Prezidenti Petr Pavel: “Üç ildir özünü qonşu nüvə dövlətinin təcavüzündən qoruyan ölkədə seçkilərin nə dəyəri ola bilər? Ərazinin beşdəbiri işğal olunubsa, bütün ölkə hər gün atəşə tutulubsa, seçkiləri necə təşkil etmək olar? Belə bir ölkənin prezidentini diktator adlandırmaq böyük günahdır”.
Polşanın xarici işlər naziri Radoslav Sikorski: “Bu, Ukraynanın Konstitusiya məsələsidir. Amma əgər Rusiya danışıqlarda iştirak edən bütün tərəflərin demokratik mandata malik olmasında təkid edərsə, o zaman bəlkə də həm Ukraynada, həm də Rusiyada demokratik seçkilər keçirilməlidir”.
Britaniya Mühafizəkarlar Partiyasının lideri Camie Badenoç: “Prezident Zelenski diktator deyil. O, Ukraynanın demokratik yolla seçilmiş lideridir və Putinin qanunsuz işğalına qarşı cəsarətlə dayanır”.
Fransa parlamentinin deputatı Natalie Loiseau: “Prezident Tramp Ukrayna liderinə dərs verdiyini düşünür. Əslində o, belə pis mühakimə nümayiş etdirməklə ABŞ-ı aşağılayır. Dünyada hər kəs görür ki, o, Vladimir Putini diktator adlandırmağa və ya onun seçilmə üsulunu şübhə altına almağa cəsarət etməz”.
Amerikalı Demokrat senator Adam Şiff: “Trampın rus diktatorunu alçaqcasına sakitləşdirməsi tarixdə biabırçılıq kimi qalacaq”.
Britaniya parlamentinin üzvü Tom Tugendhat: 1. Rusiya Ukraynanı işğal etdi və minlərlə insanı qətlə yetirdi. 2. Amerika silahları və Avropa pulları Kiyevə dəstək verdi. 3. Zelenski Çörçilldən artıq diktator deyil. 4. Putin ABŞ-ın öz gücünü möhkəmləndirmək üçün qurduğu ittifaqları məhv etmək əzmindədir”.
Trampın bəyanatı hətta partiya üzvləri tərəfindən də tənqid edilib:
ABŞ-ın respublikaçı konqresmeni Mayk Louler: “Putin ABŞ, Avropa, İsrail və azad dünyanı partlatmaq, sabitliyi pozmaq üçün Çin və İranla əməkdaşlıq edən rəzil diktator və quldurdur… Təbii ki, Ukrayna azad və ədalətli seçkilər keçirməlidir, lakin Putin və Rusiyadan gələn bu tələb həm gülüncdür, həm də öz şəxsi maraqlarına xidmət edir”.
Trampın komandasının keçmiş üzvləri də onun Zelenskiyə və Ukraynaya hücumlarını pisləyiblər.
Donald Trampın birinci dövründə 2017-2021-ci illərdə ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışmış Mayk Pens yazıb: “Cənab prezident, Ukrayna bu müharibəyə başlamadı. Rusiya yüz minlərlə insanın ölümünə səbəb olan səbəbsiz və qəddar bir işğala başladı. Sülhə gedən yol həqiqət üzərində qurulmalıdır”.
2018-2019-cu illərdə Trampın milli təhlükəsizlik müşaviri olmuş Con Bolton daha da tənqidi fikirlər səsləndirib.
“Trampın Zelenski və Ukrayna haqqında söylədiyi fikirlər ABŞ prezidentinin indiyə qədər etdiyi ən biabırçı ifadələrdən biridir. Bizim Ukraynaya dəstəyimiz heç vaxt xeyriyyəçilik aksiyası olmayıb”.
Müşviq Tofiqoğlu
KONKRET.az