Dünya dövlətləri və beynəlxalq təşkilatlara MÜRACİƏTbackend

Dünya dövlətləri və beynəlxalq təşkilatlara MÜRACİƏT

Mətbuatdan məlum olduğu kimi 15-17 oktyabr 2024-cü il tarixlərdə İstanbul şəhərində “Mədəni irsin konservasiyasında gənclər – YOCOCU” IX beynəlxalq konfransı keçirilib. Həmtəşkilatçılardan biri “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Azərbaycan) olduğu konfransda Türkiyə, İtaliya, Azərbaycan, Yunanıstan, İspaniya, Almaniya, Rumıniya, Fransa, Portuqaliya, Avstriya, ABŞ, Xorvatiya, Rusiya, İran, Böyük Britaniya, Pakistan, Hindistan, Misir, Avstraliya və digər ölkələrdən qatılan 120-dən çox alim və gənc tədqiqatçı məruzə və posterlərlə çıxış etmişdir.

KONKRET.az xəbər verir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, professor Qafar Cəbiyev konfransdakı çıxışında Azərbaycanın Qarabağ regionunda 30 il ərzində Ermənistan tərəfindən tarixi-mədəni irsimizin vandalcasına dağıdılması, məhv və talan edilməsinin acı nəticələri ilə bağlı dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çağırış xarakterli çıxış etmişdir. Həmin çıxışı oxuculara təqdim edirik:

– Biz Miras İctimai Birliyi olaraq planetimizdə baş verən və bu gün də baş verməkdə olan müharibələri qətiyyətlə pisləyir və bir an tez onların dayandırılmasını istəyirik! Biz müharibələri törədənləri, onları himayə və təşviq edənləri, silah-sursatla təmin edənləri, səssiz duraraq kənardan seyr edənləri, müharibələrdən mənfəət güdənləri, ən çirkin üsul və vasitələrlə separatizmə dəstək olanları qınayırıq! Biz müharibələrin dağıntı və fəlakət olduğunu hər kəsin bilməsini istəyirik. Birinci və ikinci Qarabağ müharibələri bu fəlakət və məhrumiyyətləri bizə yaşatmış oldu. Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsinin işgalı və 30 il ərzində torpaqlarımızın işgal altında saxlanılması, ermənilər tərəfindən şəhər və kəndlərimizdə törədilən misli-bərabəri olmayan vandalizm aktlarının acı mənzərəsi də bizə çox yaxşı bəllidir. Erməni işğalı nəticəsində Qarabağın şəhər və kəndləri ikinci dünya müharibəsi zamanı ABŞ-nın nüvə silahından istifadə etməklə viranəyə çevirmiş olduğu Naqasaki və Xirosimada olduğundan daha dəhşətli dağıntı və fəlakətlərə məruz qalıb. Xalqımıza məxsus tarixi-mədəni irs dağıdılaraq məhv və talan edilib. Nə yazıq ki, dünyanın bir sıra dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları 30 il ərzində bütün bunları görməzliyə vurdu, Azərbaycan dövlətinin və xalqımızın sülhə çagrışları ciddiyə alınmadı. Beləliklə Azərbaycan işğal altında olan ərazilərini hərbi yolla azad etmək zorunda qaldı və hər kəsin də bildiyi kimi Azərbaycan ordusu bu missiyanı şərəflə yerinə yetirdi.

Artıq Qarabağımızda quruculuq dönəmi başlayıb. İnsanlar 30 illik həsrətdən sonra öz ata-baba yurdlarına dönürlər. Əfsuslar olsun ki, ABŞ, Fransa, Hindistan, Niderland, Kanada kimi dövlətlərin bəzi dairələri bundan heç də məmnun deyillərmiş! Bu dairələr işğalçı dövlət olan Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda növbəti müharibə ocağı yaratmaq yolu tutublar. Sözdə demokratiya və beynəlxalq hüquqdan dəm vuran bəzi dövlətlər və beynəlxalq təşkilatlatlar indi də utanmadan Azərbaycanı guya ki, Qarabağdakı xristian irsini məhv etməkdə ittiham edirlər. Müharibə canilərinin siyasi məhbus kimi təqdim etməklə Azərbaycana təzyiq edirlər. Bizim ittiham edən cənablar, gəlin baxın, öz gözlərinizlə görün Qarabağda mədəni irsi kimlər dağıdıb?!! Görün dağıdılan irs kimə məxsusdur?!! Görün ki, Bakının və Şuşanın lap mərkəzində erməni kilsələrinin bir şüşəsinə belə toxunulmayıb. Cənablar, niyə gəlmirsiniz?! UNESCO niyə gəlmirsən?! Ona görə ki, Qarabağda görəcəkləriniz sizlərin riyakar bəyanat və dəyərləndirmələrinizdən tam fərqlidir.

Qarabağda ermənilər tərəfindən vandalcasına məhv və talan edilmiş mədəni irsin yalnız Azərbaycana məxsus olduğunu düşünmək yanlış olar. Bu dəyərlər sözsüz ki, dünya mədəni irsinin ayrılmaz bir parçasıdır. Ukrayna və Yaxın Şərqdə müharibələr nəticəsində viran edilən mədəni irs də həmçinin. Beləliklə də, bəşəriyyətin minillər boyu yaratdığı, bizlərə əmanət etmiş olduğu tarixi-mədəni dəyərlər tankların altında qalaraq dağıdılır, raket zərbələri və digər ən müasir silahlarla məhv edilir.

Biz konfrans çərçivəsində mədəni irsin konservasiya problemlərinə dair çoxlu sayda məruzə və çıxışlar dinlədik. Bu istiqamətdə aparılan araşdırmalar və görülən işlər həqiqətən də insana qəlbən rahatlıq bəxş edir. Gəlin belə bir nikbinlik halındaikən bir qədər gələcəyə də fokuslanaq. Bu gün dağıdılan şəhər və kəndləri kim bərpa edəcək, necə konservasiya ediləcək?! Bəşəriyyətin min illər boyu yaratdığı mədəni irs dəyərlərini gələcək nəsillər üçün yaşatmalı olduğumuz halda onların kimlər tərəfindənsə məhv edilməsinə necə dözmək olar?! Son olaraq fikrimi azərbaycanlılara məxsus bir ibrətamiz əhvalatla bitirmək istərdim. Nadir bir tarixi binada yanğın baş veribmiş. Şər qüvvələrin obrazı kimi təqdim olunan sərçə dimdiyində quru ot gətirərək alovu daha da şiddətləndirmək, qaranquş isə dimdiyində su gətirərək yanğını söndürmək istəyirdi. Kənardan bu mənzərəni seyr edən bir aqil sərçə və qaranquşa sual edir: Siz bu əməlinizlə nə etmək niyyətindəsiniz?

Sərçə: Mən bilirəm ki, mənim gətirdiyim quru otlar onsuz da şiddətlə davam etməkdə olan yanğına o qədər də təsir etməyəcək. Mən bu hərəkətimlə onu bildirmək istəyirəm ki, o binanın sahibinə düşmən münasibətdəyəm.

Qaranquş: Mən də anlayıram ki, dimdiyimdə gətirdiyim su qətrələri ilə belə bir yanğını söndürmək olmaz. Sadəcə onu bildirmək istəyirəm ki, mən belə bir möhtəşəm binanın yandırılmasının əleyhinəyəm.

Bizim həyəcan dolu çağrışlarımızın da amacı dünyamızda müharibələrə, dağıntılara, mədəni irsə vandal  münasibət hallarına son qoyulmasıdr. Müharibələrə son! Dağıntılara son! Mədəni irs nümunələrinə vandal münasibətə son! Gəlin hamılıqla bu cür hallara qarşı səsimizi ucalqdaq, etiraz edək! Gəlin unutmayaq ki, tarix də, bəşəriyyət də yaradanları yaşadacaq, dağıdanlarısa hər zaman lənətləyəcəkdir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*