Dünyada yaşayan azərbaycanlıların yaşadığı ölkələr – YENİ SİYAHIbackend

Dünyada yaşayan azərbaycanlıların yaşadığı ölkələr - YENİ SİYAHI

Xalqların tarixində mühüm rol oynayan milli kimlik ideyası bütün dövrlərdə aktual olub. Sonradan təkmilləşən bu proses xalqların tarixində mühüm rol oynayıb. Bütün xalqların yaşam coğrafiyası var və həmin ərazilərdə onlar yerli xalq hesab olunurlar. Həmin coğrafiyanı tərk edib digər ərazilərdə yaşamağı üstün tutanlar isə müəyyən dövrdən sonra getdikləri yerlərə adaptasiya olunur və oralarda mənsub olduğu xalqın adət və ənənəsini yaşatmağa başlayır. Bu cür insanların toplum halında yaşaması isə adət-ənənələrinin qorunmasına xidmət edir. Vətəndən ayrı yaşamalarına baxmayaraq, ana yurda bağlı olan qürbətçilər həm də diaspor hesab olunur. Bu ifadə beynəlxalq termindir və bir toplumun tarixən yaşadığı ərazilərdən uzaq məsafədə yaşamasını özündə ehtiva edir. Yunan dilində səpələnmək mənasını verən diaspor sözü tarixi-etnik torpaqlarından kənarda yaşayan, öz etnik kimliyini qoruyub-saxlayan insan toplusunu ifadə edir. Diaspor anlayışı həm də hər hansı etnik qrupun ölkə xaricində yad etnosların əhatəsində yaşamasıdır. Lobbiçilik isə təkcə bu və ya digər qrupun sosial, siyasi və iqtisadi maraqlarının müdafiəsi olmayıb, əslində formal hakimiyyəti faktiki hakimiyyətlə hesablaşmağa vadar edən bir mexanizmdir. Lobbiçilik hər hansı qruplar marağının müdafiəçisi deyil, həm də cəmiyyət və hakimiyyət münasibətlərinin tənzimlənmə sisteminin vacib elementidir.

Deməli, xaricdə formalaşan, ayr- ayrı xalqların təşkilatlandığı diaspor və lobbiçilik fəaliyyətləri həmin xalqın mənafeyi üçün önəmli rol oynayır.

Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız yaşayırlar.

Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya edən soydaşlarımızdır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim soydaşlarımızın okeanın o tayına axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərib.

Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan, azərbaycanlıların sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukrayna, Belarus, Almaniya və Böyük Britaniyada yüzminlərlə, Norveç, Danimarka, İsveç, Macarıstan, Fransa və İtaliyada on minlərlə, Polşa, İspaniya, Avstriya, Albaniyad, Finlandiya, eləcə də Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşan azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.

Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçən azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.

Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşıb. Onların sayı Banqladeş, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.

Afrika qitəsində azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilib. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.

Ümummilli Lider Heydər Əliyevi də daim dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın taleyi maraqlandırırdı. 1993- cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər ölkənin ağır durumuna baxmayaraq, diaspor quruculuğuna ciddi yanaşması da bu amillə bağlı idi. Səfər etdiyi xarici ölkələrdə dünya azərbaycanlıları ilə görüşən Heydər Əliyev onların  sosial qayğılarından tutmuş, siyasi mövqelərinə qədər maraqlanır, dünyanın dörd bir yanına səpələnən soydaşlarımızın qayğılarına ciddi yanaşırdı. Elə bunun nəticəsi idi ki, ulu öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının birinci Qurultayının keçirilməsi haqqında” 2001-ci il mayın 23-də 724 nömrəli Sərəncam imzaladı. Həmin il  noyabrın 9–10-da isə Bakıda ilk qurultay keçirildi.

Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb edən, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin – quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoydu. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. 2002-ci ilin dekabrında qəbul olunan “Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etdi.

İndi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız müstəqil ölkəmizdəki ictimai-siyasi prosesləri izləyir və Azərbaycanın problemlərilə yaxından maraqlanırlar. Ermənistanın təxribatlarına cavab olaraq qürbətdə yaşayan azərbaycanlılar dərhal öz etirazlarını bildirir və beynəlxalq təşkilatlar qarşısında müəyyən tələblər irəli sürürlər.

Vəli Həsənov,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*