
Dünən nə baş verdi?!…
Ermənistanın məqsədi Türkiyədəki seçkilərə qədər sülh müqaviləsindən yayınmaq və ətrafında daha çox müttəfiq toplamaq idi. Etiraf etmək lazımdır ki, düşmən buna müəyyən mənada nail olub. Ortada sülh sazişi yoxdur, Avropa İttifaqının uzunmüddətli missiyası Ermənistanda yerləşib, İrandan hərbi-siyasi dəstək alır, Hindistan silahları ilə ordusunu gücləndirir.
Adətən tərəflərdən biri planlı əməliyyat aparırsa, onun əvvəlcədən hazırlanmış, əks tərəfi ittiham edən sistemli tezisləri olur. Bu dəfə hər iki tərəfin ittihamedici arqumentləri məhdud idi. Məlumatlar daha çox rəsmi yox, qeyri-rəsmi mənbələrdən (Caliber, Harapark və.s) yayıldı. Bundan başqa, beynəlxalq aktorlar adətən bu kimi əməliyyatlarla bağlı kəşfiyyat məlumatlarına sahib olduğundan dərhal bəyanatlar verir, tərəfləri sülhə çağırırlar. Dünən belə bir hal da baş vermədi.
Ötən ilin sentyabr döyüşləri tərəflərdən birinin planlı hücumu (ittiham qaydasında təxribatı) nəticəsində baş vermişdisə, bu dəfə sanki hər iki tərəfin də nəzərdə tutmadığı və ya düzgün hesaba almadığı, həmçinin kənar qüvvələrin sifarişi ilə baş verən “anlaşılmaz” insident yaşandı. Məhz bu səbəbdən toqquşma qısa çəkdi və hər iki tərəf atəşkəsə tez bir zamanda razılıq verdi. Çünki məhz həmin ərazidə hadisələrin inkişafına uyğun əməliyyat planı tərəflərin heç birində öncədən yox idi.
Bu kimi lokal toqquşmalarda tərəflər yuxarı-aşağı eyni sayda itki verir və indiki vaxtda bu cür məlumatları uzun müddət gizli saxlamaq və ya təhrif etmək asan deyil. Bundan başqa, İran PUA-larının düşmən tərəfdən döyüşlərdə istifadə edilməsi də qeyri-rəsmi mənbələrdən səsləndi. Bir növ ehtiyatlı nəbz yoxlanışı, ya da beynəlxalq ictimaiyyətə ötürülən mesaj idi.
Aşkar görünür ki, dünənki insident üçüncü tərəfin sifarişi və ya bilavasitə təşkil etdiyi uğursuz hərbi kampaniya idi. Bu münqaişədə isə başqalarının istər İranın, Avropa İttifaqının və ya Rusiyanın çaldığı havalara oynayan Ermənistandır. Ya da erməni separatçılar. İnformasiyaların təhlili göstərir ki, düşmən bu dəfə “İran təranələri”nə oynayıb. Çünki aparıcı kəşfiyyat xidmətləri İranın bölgədə proksi qüvvələr hesabına hücumlar təşkil edəcəyinə dair xəbərdarlıqlar edirdilər…
Ermənilər çox cəsarətləniblər və ola bilsin kənar oyunçular onlara hansısa vədlər verib?!
İran və Rusiya Azərbaycanın əsas düşmənləridir. Farsların və rusların son 30 ildə erməniləri daima Azərbaycana qarşı qızışdırmaları və onlara konkret məqsədlər üçün hərbi və iqtisadi dəstək vermələri inkar oluna bilməyən real faktlardır. Bu iki dövlətin ermənilərdən kənarda qalması əgər mümkün olarsa Qafqazda daimi sülh qaçılmaz olacaq!