“Düşmən hücum edər, müharibə başlayar qorxusu evimizi yıxdı”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məqalə dərc edib.
“Ümidini yadlara bağlayanda və öz hökumətin səndən çox düşmənə xidmət edəndə vəziyyət belə olur. Kim inanardı ki, bir gün 2020-ci ilə qədər vəziyyəti arzulayacağıq. O zaman ki, heç olmasa Qarabağa giriş-çıxışda sərbəst idik.
Məlum oldu ki, pisdən də pisi var imiş və sonu görünmür. Noyabrın 9-da isə biz hələ də ümid edirdik ki, Hadrut və Şuşanı geri qaytarmaq və “Arsax”ın “status”unu bərpa etmək mümkün olacaq. Çünki müharibə yolu ilə torpaqları qaytarmaq mümkün deyildi.
Biz hesab edirdik ki, müharibədəki məğlubiyyət Qarabağ ermənilərinin “öz torpağında” yaşamaması, “öz dövlətçiliyinə” malik olmaması və öz müqəddəratını idarə etməməsi üçün səbəb deyil.
Bizə elə gəlirdi ki, rus əsgərinin Qarabağda olması kifayətdir ki, azərbaycanlılar artıq erməniləri öldürməyə cəsarət etməsinlər. Məlum oldu ki, bütün bunlar mifdir.
Biz nə Rusiya ordusuna, nə Avropa diplomatiyasına, nə BMT və ATƏT-ə, nə də insan əxlaqı qaydalarına və elementar məntiqə arxalanmalıyıq.
Biz yalnız özümüzə ümid edə bilərik. Bəziləri dərk etmir ki, dövlətə təhlükə yarananda gec-tez onların şəxsi rahatlığı da təhlükə altına düşəcək, məhv olacaq.
Yəni məğlubiyyətdən sonra düşmənə imkan verməməliydik. Hər gün kiçik zəfərlər qazanan düşmən nəhayət dekabrın 12-də Qarabağın yolunu bağladı.
Lakin biz müqavimət göstərsəydik, bu gün tamam başqa vəziyyətdə olardıq. Deyirlər ki, birdən müharibə başlayar, düşmən hücum edər, bax bu qorxu evimizi yıxdı, məhv etdi”, – məqalədə deyilir.
Xuraman Etibarlı,
KONKRET.az