Rusiyalı siyasi strateq Konstantin Kalaçev “Alpha News”a Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı missiyasının uzadılması imkanlarını şərh edib.
KONKRET.az-ın məlumatına görə, o bildirib ki, əgər bu günə qədər 90 minə yaxın insan oranı tərk edibsə, güman etmək olar ki, yaxın günlərdə orada sözün əsl mənasında heç kim qalmayacaq.
“Bəs onda sülhməramlılara niyə ehtiyac var, onlar orada hansı mandatı yerinə yetirəcəklər? Əslində Qarabağda sülhməramlıların olması bilavasitə orada qorunmağa ehtiyacı olan erməni əhalisinin olmasından asılıdır. Əgər orada erməni əhalisi yoxdursa, deməli, sülhməramlılara da ehtiyac yoxdur. Düşünürəm ki, Rusiya sülhməramlıları öz missiyasını vaxtından əvvəl, mümkün qədər tez başa vursalar, bu, Bakının ürəyincə olacaq”, – deyə Kalaçev bildirib.
Peskovun Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı missiyasının uzadılması imkanının Azərbaycanla müzakirə olunacağı ilə bağlı bəyanatına gəlincə, ekspert bunun diplomatik oyun olduğunu bildirib.
“Bu, diplomatik hiylədir, Rusiyanın fikrinin nəzərə alındığını, Rusiyanın Bakı ilə dialoq apardığını göstərmək üçün əsasdır. Əgər Qarabağda erməni əhalisi yoxdursa, bunun nə mənası var? Bəli, güman edə bilərik ki, bir neçə min erməni Qarabağda qalmaq qərarına gəlib. O zaman sülhməramlı missiyanın uzadılması üçün formal səbəb olacaq. Amma real vəziyyətə görə, orada nə erməni, nə də sülhməramlı qalmayacaq”, – deyə siyasi strateq Konstantin Kalaçev fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az