“Əhali Trendyolla bağlı blogerlərin ödənişli reklamlarına aldanmasın”backend

"Əhali Trendyolla bağlı blogerlərin ödənişli reklamlarına aldanmasın"

Türkiyədə yaranan, ölkəmizlə paralel digər dövlətlərlə əməkdaşlıq edən və elektron ticarət sahəsində fəaliyyət göstərən Trendyol platforması özündən xeyli söz etdirməkdə davam edir. Bu platforma təklif etdiyi xidmət sahəsində özünəməxsus bir çox xüsusiyyətlərə malikdir. Platformada bazar xidmətindən tutmuş ikinci əl məhsul satışına qədər bir çox digər qida və oxşar xidmət sektorlarında fəaliyyət göstərir. 

Son dövrlərdə ölkəmizdə satışı xeyli artan Trendyol haqqında bəzi mənfi fikirlər söylənilməyə başlayıb. Bu baxımdan əhali bir çox problemlərlə, məhsulun yalnış ünvana çatdırılması, keyfiyyətsiz gələn məhsulların üstünlük təşkil etməsi, ödədikləri pulun geri qaytarılmaması və s. bu kimi məsələlərlə üzləşir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Manset.az–a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru, professor Emin Qəribli bildirib ki, insanlar iqtisadi proseslərlə bağlı hər hansısa bir problemlə qarşılaşan zaman sahə üzrə ekspertlərə müraciət etsinlər:

“Hazırda dünyanın bir çox ölkələrində devalivasiya baş verir. Bu səbəbdən Trendyol və digər alış-veriş platformalarında mövcud qiymətlərdə artma və ya azalma olması normaldır. Amma bəzən sifariş edən zaman ünvanların səhv düşməsi halı ilə də qarşılaşmaq mümkündür. Burada birbaşa Trendyolu günahlandırmaq düzgün olmazdı. Çünki Trendyol və müştəri arasında çatdırılma xidmətləri mövcuddur. Həmin xidməti göstərən şirkətləri isə müştəri özü təyin edir. Bu zaman bəzi insanlar qiymətin daha aşağı olması üçün tanınmayan, reputasiyası aşağı olan şirkətlərə üz tuturlar, bu isə öz növbəsində müxtəlif problemlər yaradır. Buna görə də çatdırılma xidməti seçən zaman müştəri onun reputasiyasını, ümumi müştəri sayını, göstərdiyi xidmətin keyfiyyətini diqqətlə araşdırmalıdır. Əks halda yaxşı nəticə gözləmək mənasızdır. Sözsüz ki, gələn məhsulun özündə də problem ola bilər, bu zaman həmin məhsulun qaytarılmasında və ya dəyişdirilməsində birbaşa Trendyol özü məsuliyyət daşıyır”.

Emin Qəribli bildirib ki, əgər məhsulun keyfiyyətində hər hansı bir problem varsa və bu həll olunmursa məsələni mütləq işıqlandırmaq lazımdır:

“Əgər hər hansısa bir problem yaşanarsa, əlbəttə bunu işıqlandırmaq lazımdır. Hər sahənin özünəməxsus, həmin sahə üzrə fikir söyləyə biləcək ekspertləri mövcuddur. Fikir isə təhlil əsasında formalaşır.  Bu sahədə hər hansısa problem olarsa, yaxşı olardı ki, sahə üzrə təhlil apara biləcək ekspertlər fikir bildirsin və problemin həlli üçün çalışsın. Hazırda isə bu istiqamətdə ən çox fikir söyləyən şəxslər blogerlərdir. Onlar müəyyən ödəniş qarşılığında hər hansısa şirkəti və ya məhsulu reklam edir. İnsanlar düşünür ki, reklam olunubsa bu məhsulu almaq olar. Bu isə heç də obyektiv olmur. Çünki əksər blogerlərin təhlil bacarığı məhduddur. Onlar öz fikirlərini deyil, aldıqları ödəniş əsasında formalaşan fikirlərini söyləyirlər. Əksər izləyici kütlə də onlara inanır, daha sonra bir çox problemlərlə üzləşir. Öncə araşdırmaq və məlumatlanmaq lazımdr. Məhz buna görə də yaxşı olardı ki, insanlar illərdir öz sözünü deyən, reputasiyası yüksək olan şirkətlərə müraciət etsinlər. Hər hansısa ödəniş qarşılığında hazırlanan reklamlara baxıb aldanmasınlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*