Son günlər ölkə ərazisində müşahidə olunan intensiv və qeyri-sabit hava şəraiti, xüsusilə güclü yağıntılar regionlarda ciddi fəsadlara səbəb olub. Kənd təsərrüfatı sahələrində su basmaları, torpaq eroziyası və məhsul itkisi riski artarkən, bu vəziyyətin bazara və qiymətlərə təsiri də gündəmin əsas mövzularından birinə çevrilib.
Bəs bu hava şəraiti kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olacaqmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, yağıntıların normadan artıq olması aqrar sektorda müəyyən risklər formalaşdırır.

Onun sözlərinə görə, intensiv yağışlar torpağın strukturuna və əkin sahələrinin vəziyyətinə mənfi təsir göstərir:
“Suvarma balansı pozulur, torpaq eroziyası baş verir, bəzi ərazilərdə əkin sahələri su altında qalır. Bu isə xüsusilə erkən vegetasiya mərhələsində olan bitkilər üçün əlavə stress yaradır və məhsuldarlığın azalması ilə nəticələnə bilər. Problem yalnız istehsalla məhdudlaşmır, logistika sahəsində də çətinliklər yaranır.Belə ki, kənd yollarının yararsız vəziyyətə düşməsi məhsulların bazara çıxarılmasını gecikdirir və əlavə xərclər yaradır. Bu amillər isə son nəticədə qiymətlərə təsir göstərə bilər”.
Asif İbrahimovun fikrincə, bahalaşma bütün məhsulları eyni dərəcədə əhatə etməyəcək:
“Qısa müddətdə daha çox tez xarab olan məhsullarda – tərəvəz və meyvələrdə qiymət artımı müşahidə olunacaq. Lakin uzunmüddətli perspektivdə bazarın sabitləşməsi ehtimalı yüksəkdir. Alternativ təchizat mənbələri və mövsümi faktorlar qiymətləri balanslaşdıra bilər.
Hazırkı hava şəraiti kənd təsərrüfatı məhsullarında daha çox lokal və qısamüddətli bahalaşma riski yaradır. Vəziyyətin genişmiqyaslı və davamlı inflyasiya dalğasına çevrilməsi isə əsasən qarşıdakı aylarda iqlim şəraiti, məhsul həcmi və logistika imkanlarından asılı olacaq”.
Beləliklə, hazırkı şərait bazarda müəyyən qiymət dalğalanmaları yaratsa da, bunun sistemli böhran səviyyəsinə çatması üçün əlavə neqativ amillərin də eyni vaxtda baş verməsi tələb olunur.
Aynurə İsmayıl
KONKRET.az
