Böyük alman filosof və ideoloqu Fridrix Nitsşe deyirdi: “Hündür bir dağda buz içində yaşamaqdır fəlsəfə”…
Bu fikirlər əslində fəlsəfədən daha artıq bir ideoloji düşüncənin təzahürüdür. Çünki Nitsşe həm də bir ideoloq idi. Onun uğruna mübarizə apardığı ideologiya zaman –zaman müxtəlif dövlətlərin mübarizə, yaxud işğalçılıq simvoluna çevrilib. Amma bu yazını yazmaq məqsədimiz Nitsşe, yaxud digər ideoloqların ideoloji düşüncələri haqda məlumat vermək yox, ideologiyanın əslində nə demək olduğunu, Azərbaycançılıq ideologiyasını, bu ideologiyanın nədən qaynaqlandığını, hansı çatışmazlıqlarla üzləşdiyini qabartmaqdır.
Öncə qeyd edək ki, ideologiya fəlsəfi bir düşüncədir. Yəni hökumətin, siyasi partiyanın, sosial sinfin davranışlarına istiqamət verən siyasi, hüquqi, elmi, fəlsəfi, dini, əxlaqi, estetik düşüncələr toplusudur.
Tarixə nəzər yetirsək zaman –zaman dahi filosofların həm də bir ideoloq olduqlarını, onların ideoloji düşüncələrinin bəşəriyyət üçün örnəyə çevrildiyini görə bilərik. Dahi Nitsşe, Marks, Engels, Lenin, Gramsci, Althusser və digərlərinin ideoloji fikirləri , bu gün də ayrı-ayrı dövlətlərin idarəetmə mexanizminə çevrilib. Bu dahi ideoloqların ideoloji fikirlərindən qaynaqlanan xalqlar isə həm müxtəlif dövrlərdə, həm də müasir zamanda dünyanın idarəsini öz əllərində cəmləşdirmək iqtidarında olublar.
Lakin təəssüflər olsun ki, müasir Azərbaycanımızda “milli ideologiya” anlayışı özünə vətəndaşlıq hüququ qazanmaq yolunda çox böyük çətinliklərlə üzləşməkdədir. Ümumiyyətlə, ideologiya haqqında bəzi fikirlərə rast gəlinsə də, milli ideologiya barəsində cəmiyyətdə çox az danışılır, sanki belə bir məfhuma və onun şərhinə, elmi izahına ehtiyac yoxdur.
Öncəliklə qeyd edək ki, Azərbaycan ideologiyasının təşəkkülünü zərdüştilik, məzdəkizm, islam, xürrəmizmi, hürufilik, XX əsrdə isə maarifçiliyin vəhdəti olan azərbaycançılığın təzahürü kimi xarakterizə edirlər. Azərbaycançılıq ideologiyasını bütöv xalqın marağının, onun birliyinin fikri ifadəsi sayırlar.
Professor Nizaməddin Şəmsizadənin təbirincə desək “Yalnız konkret, özünəməxsus ideologiyası olan xalqın milli dövləti ola bilər. Milli ideologiya dövlət siyasəti statusu qazananda idarəetmə ideologiyasına çevrilir”.
Maraqlıdır, görəsən, Azərbaycan xalqının ideologiyasının dayaqları hesab edilən “Vətənçilik, türkçülük və islamçılıq” məfkurəsi yetərincə təbliğ olunub, inkişaf etdirilirmi?

KONKRET.az –ın milli ideologiya ilə bağlı araşdırmasını öz fikirləri ilə zənginləşdirən sosioloq Əhməd Qəşəmoğlu maraqlı məqamlara toxunub. Sosioloq bildirib ki, azərbaycançılıq ideologiyası ümumiyyətlə cəmiyyət tərəfindən müsbət qarşılanmalıdır. Çünki bütün yer kürəsi təkcə etnik və dini tərkibə görə deyil, həm də dövlətlərə görə bölünüb: “Bizim dövlətimizin adı Azərbaycandır. Odur ki, dövlətimizə məxsus olan azərbaycançılıq ideologiyası, bu mahiyyətindən irəli gələn ideyadır. Bəzi insanlar ya savadsızlıqdan, ya da bilərəkdən azərbaycançılıq və türkçülük ideologiyasının qarşı-qarşıya qoyulduğunu iddia edirlər. Bu öz-özlüyündə yalnış bir tendensiyadır. Hər kəs Azərbaycanın türk dövlətlərindən biri olduğunu bilir. Azərbaycançılıq deyəndə, bəzilərinin məkrli niyyətləri ortaya çıxır. Yaxud bir qisim insanlar türkçülükdən imtina edərək, azərbaycanlı olduqlarını vurğulayırlar. Bu çox savadsız bir yanaşmadır”.
Əhməd Qəşəmoğlunun sözlərinə görə, azərbaycançılıq ideologiyası sistemli yanaşma və ümumi fəlsəfi baxımdan doğru ideyadır: “Biz bu ideologiyanı bacardığımız qədər dəstəkləməliyik. Çünki bununla öz dövlətçiliyimizin möhkəmlənməsinə xidmət göstəririk. Amma təəssüflər olsun ki, azərbaycançılıq ideologiyası ölkəmizdə lazımı qədər qiymətləndirilmir və biz bu məfhumdan tam şəkildə istifadə edə bilmirik. Bu gün özünü azərbaycanlı hesab edən bir qrup şəxs, eyni zamanda azərbaycançılıq ideologiyasının müdafiəçisi olduğunu bəyan edir. Bu ideologiyanın ulu öndər Heydər Əliyev tərəfindən irəli sürüldüyünü vurğulayırlar. Lakin həmin insanlar, əslində Azərbaycan fəlsəfəsinin sütunu sayılan orta əsr mədəniyyətindən xəbərsizdirlər. Bu gün Nizamini, füzulini, Nəsimini, yaxud o dövrün fəlsəfəsini bilmədən, azərbaycançı olmaq mümkün deyil. Azərbaycançı ilk növbədə öz ölkəsinin tarixini yaxşı bilməlidir. Bunu bilmədən pafoslu fikir söyləyənlər azərbaycançılıq ideologiyasına xəyanət edirlər”.
Sosioloq qeyd edib ki, ideologiyanın geniş şəkildə təbliği və inkişafı üçün, ilk növbədə elmi təminat olmalıdır: “İndiki dövrdə elmi təminat olmadan azərbaycançılıq ideologiyasını inkişaf etdirmək mümkün deyil. Biz sosioloji araşdırmalar aparmalıyıq. Əhalinin dövlətçilik ideyasına, vətənpərvərlik hissinə nə dərəcədə sadiq olub-olmadığını yoxlamalıyıq. Bütün bu araşdırmaları apardıqdan sonra, elmi əsaslara söykənərək yol xəritəsi hazırlamalıyıq. Bu zaman ideologiyanın inkişafı üçün təhsil sahəsində hansı islahatlar aparmalı olduğumuz, yaxud televiziyaların üzərinə düşən vəzifələr və digər öhdəliklər məlum olacaq. Görünən odur ki, bu məsələlərdə boşluq mövcuddur. Bu boşluğu doldurmaq üçün biz hamımız öz dövlətimizin naminə fəaliyyət göstərməliyik”.
Sosioloq bildirib ki, azərbaycançılıq ideologiyasının sütünlarından biri də, milli atributumuz olan dövlət bayrağımız və onun mənaları özündə əks etdirən rəngləridir: “Türkçülük, Müasirlik və İslamçılığı özündə birləşdirən bayraq rənglərini bu gün xalq olaraq tam qəbul edə bilmirik. Belə ki, bəzimiz türkçülüyü qəbul edərək, islamçılığı arxa plana atırıq. Digərimiz isə müasirlik deyərək, türkçülüyü qəbul etmir. Əsl azərbaycançılıq ideologiyası xalqımız hər üç rəngi qarşılıqlı olaraq sevəcəyi gün inkişaf edəcək”.
Müşfiq Tofiqoğlu