Azərbaycanda əkinə yararlı torpaqlarda istixanaların tikintisi məhdudlaşdırılmalı, hətta qadağan edilməlidir. Azərbaycan əkinə yararlı torpaq ehtiyatları məhdud olan ölkələr sırasındadır və hər hektar torpaq strateji əhəmiyyət daşıyır.
KONKRET.az xəbər verir ki, bu fikirləri iqtisadçı Asif İbrahimov səsləndirib.
Onun sözlərinə görə, şüşə, beton və kokobit əsaslı müasir istixanalar klassik əkinçilikdən fərqli olaraq torpaqdan birbaşa asılı deyil və qayalıq, şoran, məhsuldarlığı aşağı olan, hətta tamamilə əkinə yararsız sahələrdə də qurula bilər.
“Bu imkanlar olduğu halda münbit torpaqlar üzərində istixana tikilməsi həm iqtisadi, həm də ekoloji baxımdan səmərəsiz yanaşmadır. Hazırda münbit torpaqlarda istixanaların salınması ikiqat itki yaradır: bir tərəfdən həmin torpaqlar açıq əkin üçün istifadədən çıxır, digər tərəfdən isə gələcək nəsillər üçün strateji ərzaq ehtiyatı mənbələri zəiflədilir”.
İqtisadçı qeyd edib ki, istixanalar əkinə yararsız torpaqlarda salındığı halda əkinə yararlı sahələr qorunmuş olar, torpaq ehtiyatlarından daha rasional istifadə edilər və kənd təsərrüfatında struktur balans formalaşar.
“Bu yanaşma, eyni zamanda, ölkənin ərzaq təhlükəsizliyinin daha dayanıqlı əsaslar üzərində qurulmasına xidmət edər.
Qısa desək, istixana texnologiyası torpaqsız və ya zəif torpaqlı ərazilər üçün yaradılıb, münbit torpaqları bloklamaq üçün yox”, – deyə Asif İbrahimov bildirib.
İqtisadçı hesab edir ki, dövlət siyasəti də bu reallığı nəzərə almalı, münbit torpaqları qoruyan və istixana təsərrüfatlarını uyğun olmayan sahələrə yönəldən mexanizmlər formalaşdırmalıdır.
Natiq Səlim
KONKRET.az

