Məlum olduğu kimi, bir müddətdir “F-16″lar Ukraynaya tədarük edilib. Müxtəlif mənbələrin iddiasına görə, onların sayı təxminən 80 ədəddir. Maraqlıdır, sözügedən vasitələr müharibənin gedişində hər hansı dəyişikliklər yarada bilər?
Ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov KONKRET.az-a açıqlamasında buna inanmadığını dedi:
“Hazırda hava məkanına kim nəzarət edirsə, döyüşlərdə də üstünlüyü həmin tərəf ələ alır. Ukraynanın “F-16″ları əldə etməsi, problemin həllinə gətirib çıxarmayacaq. Təxminən 80 qırıcı təyyarə adıçəkilən ölkəyə tədarük edilib. Amma bunu idarə edə biləcək 6 pilot var. Belə olan halda Ukrayna tərəfi üstünlük qazana bilməyəcək. Hava döyüşlərində Rusiyanın təcrübəsini və bəzi silahlarını nəzərə alsaq, demək olar ki, cüzi üstünlük Şimal qonşularımızdadır. Ruslar “F-16″larla bağlı vəziyyəti əvvəlcədən bilirdi və buna uyğun hazırlıqlar görüb. Həmçinin onlar Ukrayna ərazisindəki aerodromları məhv edə bilərlər. Digər ölkələrin ərazisindən “F-16″ların havaya qalxacağı halda isə müharibə qonşu dövlətlərin sərhədləri daxilinə daşınacaq. Baxın, Rusiyaya qarşı koalisiyaya ABŞ rəhbərlik edir. Onların hədəfi Avropadır. Sözügedən ölkə Qərblə Rusiyanı qarşı-qarşıya qoymaq istəyir. Avropa enerji çatışmazlığı yaşayır. ABŞ istəyir ki, Rusiya onlara kömək etməsin və Qərb Amerikadan asılı vəziyyətdə olsun. Avropa ölkələri bir müddət əvvəl müstəqil ordu yaratmaq haqda düşünürdülər. Bütün amilləri nəzərə alaraq demək olar ki, Ukrayna müharibənin gedişində ciddi irəliləyiş əldə edə bilməyəcək və döyüşlər davam edəcək”.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə düşünür ki, Ukraynanın tərəfdaşları “F-16″ların verilməsində gecikib:
“Ukraynanın siyasi rəhbərliyinin “F-16″ların əldə edilməsi ilə bağlı mövqeyi olduqca kəskin idi. Bəzi beynəlxalq qurumlar düşünür ki, qırıcı təyyarələr Ukraynaya gec verilib. Onların əldə edilməsi Ukraynaya bəzi üstünlük qazandıra bilər. Uzun müddətdir ki, NATO ölkələrinin mümayəndələri ukraynalı pilotlara təlimlər keçirlər. Ancaq burada say və insan amili faktoru var. Həmçinin Ukraynanın Rusiya qarşısında müqavimət və mübarizə potensialı ilə bağlı məsələlər də ön plana çıxır. Qeyd edim ki, rusların siyasi sferada buna uyğun addımları müəyyən qədər kəskin cavablarla müşahidə edilə bilər”.
Məlik Məlikov,
KONKRET.az