“Eldar Mahmudovun göstərişidir, 100 min manatdan aşağı pul…” – Sabiq müstəntiqin İFADƏSİbackend

“Eldar Mahmudovun göstərişidir, 100 min manatdan aşağı pul...” – Sabiq müstəntiqin İFADƏSİ

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun Baş Prokurorluğun keçmiş müstəntiqi Zaur Əliyevə qarşı cinayət törətmələri məlum olub.

KONKRET.az-ın məlumatına görə, Zaur Əliyev istintaqa verdiyi ifadəsində bildirib ki, 3 mart 2010-cu ildə axşam insult keçirdiyinə görə Mərkəzi Neftçilər Xəstəxanasının Nevroloji şöbəsində martın 18-dək stansionar müalicə alıb:

“Martın 18-də səhər saat 11 radələrində yaşadığım evə qayıtdıqdan sonra tanışım Arif Salahov mənə zəng vurdu. Sverdlovsk şəhərində yaşayan tanışım Elmanın Bakı şəhərindəki tanışı Əhməd Mirzəyevdə qədim antik əşyalar olduğunu və həmin əşyalara baxmaq istədiklərini bildirdi. Mən də həmin şəxsləri evimə dəvət etdim.

Arif Salahov saat 18 radələrində yanında sonradan adını Rövşən və ya Rauf olduğunu bildiyim şəxslə gəldi. Mən Əhməd Mirzəyevə zəng edərək yanımda antik əşyalarla maraqlanan şəxslərin olduğunu və onları götürərək mənim evimə gəlməsini dedim. Əhməd işi olduğu üçün gələ bilməyəcəyini, antik əşyaları sürücüsü Arif Allahverdiyevlə göndərəcəyini bildirdi”.

Zərərçəkmişin sözlərinə görə, təxminən saat 19.00-da Arif Allahverdiyev tək gəlib: “Arif Allahverdiyev özü ilə mərmərdən yonulmuş balta gətirdi. Az sonra səkkiz nəfərdən ibarət özlərini MTN-in Antiterror Mərkəzinin əməkdaşları kimi təqdim edən şəxslər mənim yaşadığım evə basqın etdi. Heç bir məhkəmə qərarı göstərmədən evimdə axtarış apardılar.

Həmin vaxt evdə Gəncə şəhərindən olan Arif Salahov və “Sante Max” MMC-nin sahibi Əhmədin sürücüsü Arif Allahverdiyev, həmçinin alıcı şəxs də olub. Arif Salahovun yanındakı şəxslə birlikdə şərti alıcı qismində gəldiyini sonradan bildim”.

Zaur Əliyev qeyd edib ki, Antiterror Mərkəzinin əməkdaşları bir ay əvvəl Əhmədin sürücüsündən 1500 dollara aldıqları bir ədəd 14 qramdan hazırlanmış kiçik ceyran fiqurunu, Əhmədin sürücüsündən baltanı, həmçinin axtarış zamanı aşkar edilməyən və nazirliyin əməkdaşlarının özləri ilə gətirdiyi qızıldan hazırlanmış keçi fiquru və şir başının formasında içki qədəhini də guya axtarış zamanı aşkar edilməsi barədə protokol tərtib edərək götürüblər:

“Həmin dəstəyə Antiterror Mərkəzinin rəis müavini rəhbərlik edib. Həmin şəxs özünün adını bildirməsə də, mərkəzin rəis müavini kimi təqdim edərək polkovnik “Memati” olduğunu söylədi. Axtarışdan sonra Memati ilə oturaraq çay içdik. Qayınatam Mirbala Əliyev də evə gəldi. Mən, qayınatam, özünü Mematı kimi təqdim edən şəxs və Rövşən söhbət etdikdən sonra nazirliyin əməkdaşları getdilər”.

Zaur Əliyevin ifadəsinə görə, martın 27-də şənbə günü, həmçinin bayram günü olmasına baxmayaraq Rövşən adlı şəxs ona zəng edib və MTN-ə çağırıb: “Saat 11.30-da nazirliyə getdim. MTN-in inzibati həyətinə girişin əsas qapısının önündə Əhmədin sürücüsü Arifi də gördüm. Arif dedi ki, onu da, Əhmədi də çağırıblar.

Saat 12.00-da məni və sürücünü 3-cü mərtəbəyə qaldırdılar. Məni Təhsin Ağayev adlı şöbə rəisi qəbul etdi. Bildirdi ki, siz Əhmədlə əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq cinayəti törətmisiniz. Təhsin Ağayev barəmdə cinayət işinin başlanmaması üçün 200 min manat verməli olduğumu bildirdi.

Razılaşmadığım üçün yanımda Antiterror Mərkəzinin rəis müavinin xidməti telefonuna zəng edərək materialın istintaqa göndərməyi tapşırdı. Təhsin Ağayevə Əhməd Mirzəyevlə görüşərək istənilən pulla bağlı razılaşmağı xahiş etdim. Təhsin Ağayev bildirdi ki, Əhməd razılaşıb, onun yükü səninkindən xeyli ağırdır. Mən son olaraq Təhsin Ağayevə pul verməyəcəyimi bildirdim.

Sonra məni İstintaq Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Elşən Murtuzovun xidməti otağına apardılar. Təxminən saat 14 radələrində bir müddət gözlədikdən sonra Təhsin Ağayev yanıma gələrək materialı Elşən Murtuzova verdi, mənim yanımda cinayət işi başlanması haqqında qərar yazmağı tapşırdı.

Elşən Murtuzov ifadəmi aldı, Əhməd Mirzəyevi mənimlə üzləşdirdi. Təhsin Ağayev də üzləşmədə iştirak etdi. Elşən Murtuzov hətta ifadəmi aldıqdan və istintaq qrupunun yaradılması haqqında qərarı Təhsin Ağayevin adından yazdı. Elşən Murtuzov məndən pul istəmədi və almadı. Həmin gün şübhəli şəxs qismində tutuldum”.

Zaur Əliyevin ifadəsinə görə, martın 29-da saat 18.30-da məhkəməyə gətirilib: “Həmin vaxt huşumu itirməyinə baxmayaraq Səbail rayon Məhkəməsinin hakimi Elnur Məmmədov barəmdə guya 16.30-da həbs qətimkan tədbirinin seçilməsi barədə saxta qərar elan etdi. Yenidən istintaq təcridxanasına gətirildim. Vəziyyətim pis olduğu üçün Penitensiar Xidmətin Müalicə Müəssisənə etap edildim. 2 ay müddətində orada müalicədə oldum.

Daha sonra məndən tələb etdikləri pul üçün danışıqları davam etdirmək məqsədilə iyunun 5-də MTN-in istintaq təcridxanasına etap edildim. Bir həftə müddət ərzində Elşən Murtuzovun yanına aparıldım. Müstəntiqin otağında təklikdə Təhsin Ağayev məni qəbul etdi. Bildirdi ki, sənə böyük hörmət edirik, nazir Eldar Mahmudovun göstərişidir, 100 min manatdan aşağı pul qəbul etmirik, 100 min manat gətir, barəndə qətimkan tədbirini dəyişək.

Təhsin Ağayevlə 100 min manat əvəzinə, 100 min dollarla razılaşdıq. Çarəsiz qalaraq həyat yoldaşım Samirə Əliyevaya məktub yazdım. Qeyd etdim ki, nə olur-olsun, 100 min dolları tapsın, Təhsin Ağayevə versin”.

Zaur Əliyev deyib ki, Təhsin Ağayev iyunun 19-a kimi vaxt olduğunu, Mövlam Şıxəliyevin sanatoriyaya gedəcəyini, o vaxta kimi pul vermək lazım olduğunu, yoxsa bütün yayı təcridxanada qalacağını bildirib: “Məktubu yazdıqdan sonra vəkil Ağaveyis Şahverdiyev, ya da 2 saylı hüquq məsləhətxanasının vəkili Qəzənfər Ağayevə verdim. Məktubu ailə üzvlərimə çatdırmasını xahiş etdim. Vəkillərin məktubun məzmunundan xəbərləri olmayıb.

Vəkil həmin məktubu arvadım Samirəyə çatdırdı. Bundan sonra qayınatam Mirbala Əliyev 30 min manat öz qohumundan borca pul aldı, 30 min manatı da özündə olan pulu əlavə etdi, həmçinin evdə olan 20 min manatı da arvadım verdi. 80 min manat topladılar”.

Zaur Əliyevin sözlərinə görə, iyunun 17-də MTN-in istintaq təcridxanasında olan zaman Təhsin Ağayev onu öz xidməti otağına gətizdirib: “Həmin gün görüşümə hər hansı qohumunun gəlib-gəlməyəcəyini soruşdu. Çünki həftənin cümə axşamı mənə təyin edilmiş görüş günü idi.

Görüşmək dedikdə, yanıma gələn şəxslə üzbəüz görüşmək deyil, yalnız MTN-in əməkdaşları vasitəsilə ərzaq, paltar almaq, lazımsız əşyaları qaytarmaq, məktub göndərmək imkanı nəzərdə tutulurdu.

Təhsin Ağayevə yanıma qaynım Mirəli Əliyevin gələcəyini bildirdim. O, məndən harada yaşadığımızi soruşdu, Nəsimi rayonu dedim. Həmin ünvanın yaxınlığında kənar şəxslərin az hərəkət etdiyi yerin olub-olmadığını soruşdu. Evdən təxminən 50 metr aralıda, yol kənarında zibil baklarının olduğu yeri bildirdim.

Təhsin Ağayev gecə arvadım Samirə Əliyevanın həmin yerdə tələb olunan əmanətlə birlikdə gözləməsi və əmanəti almaq üçün oraya adam göndərəcəyi barədə qaynıma xəbər verməyimi tapşırdı. Görüşə gələn qaynım Mirəliyə qaytarılan geyim əşyalarının içərisində arvadıma məktub yazaraq qoydum. Arvadıma həmin gün gecə saat 12-də hazır olan pulu zibil qutularının yanında Təhsin Ağayevin yolladığı adamı gözləməli və əmanəti ona təhvil verməli olduğunu yazdım.

Arvadım həmin dövrdə 100 min dollara bərabər 80 min manatı gecə saat 1 radələrində qaynım Mirəli ilə birlikdə Təzə Bazarın arxa qapısının qarşısında Təhsin Ağayevin göndərdiyi şəxsə verib. Arvadımın sözlərinə görə, həmin şəxs ağ rəngdə “Mercedes Benz” markalı maşınla gəlib”.

Zaur Əliyev qeyd edib ki, iyunun 18-də səhər saatlarında onu Elşən Murtuzov oyağına dəvət edib: “Orada Təhsin Ağayev bildirdi ki, pul çatıb, hər şey qaydasındadır, sabah səhər, ən geci birinci günü səhər evə buraxılacaqsan. O, həmçinin dedi ki, narahat olmayın, sizə məhkəmədə yüngül xərclə şərti cəza veriləcək, bununla bağlı birbaşa nazir özü tapşırıq verəcək. Məhkəmədə nəsə demək üçün Təhsin Ağayevdən qaçaqmalçılıq cinayəti barədə, yəni nə vaxt, kim tərəfindən törədilib, həmin əşyalar kim tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsi barədə soruşdum.

Təhsin gülərək buna ehtiyac olmadığını, işin məhkəmədən keçəcəyini bildirdi. Məni baş istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevin yanına apardı. Təhsinin tapşırığı ilə qeyd olunan məbləğlə məni həbsdən azad etdikləri üçün Mövlama minnətdarlığımı bildirdim”.

Zaur Əliyevin ifadəsinə görə, iyunun 18-də vəkilə vəsatət yazdırıblar: “Dərhal məhkəmə-tibbi ekspertizası təyin edərək həmin gün mənim xəstə olduğuma görə həbsdə saxlanıla bilməyəcəyim barədə rəy alındı. İyunun 19-da barəmdə olan həbs qətimkan tədbirinin müstəntiq Elşən Murtuzovun qərarı ilə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə dəyişdirildi, həbsdən azad edildim. Bundan sonra mənim, Əhməd Mirzəyev və Arif Allahverdiyevin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Hər üçümüzün barəsində şərti cəza verildi”.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.Bu cinayət işi üzrə oktyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı oktyabrın 26-na təyin olunub./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*