Ermənistanın KTMT sammitindən imtina etməsi Rusiyanın maraqlarına ziddir və Şimal qonşumuz müttəfiqinin əməllərini həzm edə bilmir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ermənistanın KTMT çərçivəsində fəaliyyətini davam etdirməsini gözləyir və Minskdə keçirilən sammitdə erməni tərəfinin təmsil olunmamasından təəssüflənir. Ermənistanın bu təşkilatda olmasını Rusiya niyə bu qədər istəyir? Digər tərəfdən, Ermənistanın özü niyə hərbi blokdan çıxdığını açıq şəkildə bəyan etməyə cəsarət etmir? Axı bu vəziyyət bir ilə yaxındır davam edir. Və son vaxtlar İrəvan bəyan edir ki, Ermənistanın təhlükəsizliyini təmin etməyə kömək edə biləcək yeni tərəfdaşlar axtarır.
KONKRET.az xəbər verir ki, qırğızıstanlı analitik, Bişkekdəki Dünya Siyasəti İnstitutunun direktoru Şeradil Baktıqulov bildirib ki, bunlar ciddi məsələlərdir və onların aydınlaşdırılması üçün yaxın keçmişə ekskursiya etmək lazımdır: “Son iki ildə Ermənistan rəhbərliyi KTMT və Rusiyadan narazılığını nümayiş etdirir. Bu cür ritorika Azərbaycanın itirilmiş ərazilər üzərində dövlət suverenliyinin və Konstitusiya quruluşunun bərpası ilə bağlıdır. Biz Azərbaycana hörmətlə yanaşmalıyıq. 2020-ci ilin sentyabr-oktyabr aylarında və 2023-cü ilin sentyabrında ölkə rəhbərliyi Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində suveren hüquqlarını bərpa etdi. Ona görə də KTMT-nin, Rusiyanın və ya hər hansı digər ölkənin, təşkilatın Ermənistanın tərəfindən Azərbaycana qarşı vuruşmaq üçün heç bir əsası olmayıb. Təbii ki, Ermənistan rəhbərliyi çətin vəziyyətdədir. Lakin bu, onun hərəkətlərinə haqq qazandırmır”.
Ekspertin sözlərinə görə, rəsmi İrəvanın KTMT və Rusiyanın acizliyi ilə bağlı ritorikası daha çox beynəlxalq sülhməramlıları regiona gətirməyə hesablanıb:
“Belə ritorikanın başlanğıcı iki il əvvəl Fransa sülhməramlılarının Qarabağa yerləşdirilməsi ilə bağlı məlumatların ortaya çıxması ilə üst-üstə düşür. Azərbaycanın Qarabağda qətiyyətli addımları orada NATO bazasının açılmasına son qoydu. Ancaq görünən odur ki, Ermənistanın özündə belə baza açılacaq. Bu isə region dövlətlərinə – İrana, Rusiyaya və Mərkəzi Asiya ölkələrinə mənfi təsir göstərəcək”.
Daha sonra KTMT-nin inzibati prosedurlarından danışan Şeradil Baktıqulov bildirib ki, təşkilatın sənədlərində ondan çıxmaq nəzərdə tutulmur:
“Ona görə də heç kimin Ermənistanı KTMT-dən çıxarmağa haqqı yoxdur. Bununla belə, Özbəkistan rəhbərliyinin bir vaxtlar istifadə etdiyi iki hüquqi boşluq var. Rəsmi İrəvan da onlardan istifadə edə bilər. 1999-cu ildə Özbəkistan müqaviləni uzatmaqdan imtina etdi və faktiki olaraq KTMT-dən çıxdı, lakin 2006-cı ildə müqaviləni yenidən təsdiqlədi. 2012-ci ildə isə Özbəkistan KTMT-də iştirakını dayandırdı. Ölkələr arasında münasibətlərin dərəcəsi iki tərəfin hərəkətlərindən asılı olaraq artır və ya azalır. Ona görə də Ermənistanla Rusiya arasında münasibətlərin soyuması ərimə ilə əvəzlənə bilər. Bununla belə, biz Ermənistanda və onun ətrafında vəziyyətin inkişafı üçün müxtəlif variantlara hazırlaşmalıyıq”, – deyə qırğız politoloq bildirib.
Cənubi Qafqaz üzrə rusiyalı ekspert Konstantin Tasitsin isə bildirib ki, Moskva İrəvanı özünün strateji müttəfiqi hesab etməkdə davam edir: “Ermənistanda KTMT-dən narazılıq var, çünki rəsmi İrəvanın hesab etdiyi kimi, təşkilat ermənilərə lazımi dəstəyi vermir. Lakin bu ölkənin rəhbərliyi KTMT-dən çıxacağını bəyan etmir. Aydındır ki, hələlik İrəvanın digər tərəfdaşlarından heç biri ona ekvivalent təhlükəsizlik zəmanəti verə bilmir”.
Vəli Həsənov,
KONKRET.az