Əliyevin siyasi lüğətinə yeni ifadə daxil oldu – İlk dəfə ona dedibackend

Əliyevin siyasi lüğətinə yeni ifadə daxil oldu – İlk dəfə ona dedi

Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə İranla münasibətlər və Prezident Məsud Pezeşkian barədə səsləndirdiyi fikirlər diqqət çəkir. Onun İranın Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin mövqeyinə üstünlük verməsi dövlət siyasətində ciddi koordinasiyanın olduğunu göstərir. Eyni zamanda, Məsud Pezeşkianın “qan qardaşı” kimi təqdim olunması dövlətlərarası əlaqələrdə etimad, soydaşlıq və milli-mədəni bağların nə qədər önəmli olduğunu ortaya qoyur.

Bu kontekstdə “qan bağı” anlayışı diplomatiyada nə qədər təsirli ola bilər? Pezeşkianın azərbaycanlı kimliyi İran-Azərbaycan münasibətlərində hansı rolu oynayır?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Prezidentin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə beynəlxalq münasibətlərin və regionda baş verən siyasi proseslərin izahı baxımından ciddi əhəmiyyət daşıyır:

“Azərbaycan Prezidenti mütəmadi olaraq belə televiziya kanallarına müsahibə verməklə təkcə regional məsələləri deyil, həm də dünyada baş verən proseslərə münasibətini bildirir. Dünənki müsahibə də bu qəbildəndir. Prezidentin İranla bağlı verdiyi bəyanatlar kifayət qədər diqqət çəkdi. Məsud Pezeşkianın İranda prezident seçilməsindən sonra münasibətlərin necə olacağı maraq doğururdu. Pezeşkianın prezident seçilməsinin onun Azərbaycanla bağlı apardığı siyasətin iki ölkə münasibətlərinin istiləşməsinə səbəb olacağı gözlənilir. Bu da onun əslən azərbaycanlı olması ilə bağlıdır”.

Politoloq qeyd edib ki, rəsmi Bakı Pezeşkianın ölkəmizə münasibətini yüksək qiymətləndirir:

“O, hakimiyyətə gələndə İranın Azərbaycanla münasibətlərinə pessimist yanaşanlar var idi. Hesab edirdilər ki, onun prezident seçilməsi iki ölkənin münasibətlərinə ciddi təsir göstərməyəcək, çünki İran hakimiyyətinin dayağı ali rəhbərdir (Əli Xamenei – red). Hesab edirdilər ki, Pezeşkian Azərbaycan-İran münasibətlərinin inkişafına töhfə verməyəcək. Lakin qısa müddət ərzində həm Azərbaycana, həm də Ermənistana səfəri və verdiyi konkret mesajlar onu deməyə əsas verir ki, pessimist düşünənlər yanılır. Pezeşkianın Azərbaycanla isti münasibəti İranda bəzi dairələrin fikrini dəyişə bilib”.

Ə.İbrahimov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Pezeşkianı “qan qardaşı” adlandırması təsadüfi deyil:

“Bu, sadə ifadə deyil. İlk növbədə, iki lider arasındakı münasibətlərin hansı səviyyədə olduğunu göstərir. Pezeşkianın İran Prezidenti olması onun administrasiyasında Azərbaycanla münasibətlərin yaxşılaşmasına tərəfdar olan qüvvələrin mövcudluğundan xəbər verir. Azərbaycan İrandakı bütün qüvvələrlə işləmək istəyir, amma əlbəttə ki, bu qüvvələrin hamısı bizi istəmir. Hesab edirəm ki, Pezeşkian öz imkanları daxilində əlindən gələni edərək iki ölkənin münasibətlərinin normallaşmasına çalışacaq. Təbii ki, bu, təkcə onun şəxsi təşəbbüsü deyil, amma hər halda bu istiqamətdə səylər göstərəcək.

Əsas odur ki, Azərbaycan Prezidentinin müsahibəsində dediyi məqamlar göstərir ki, ölkə başçısı da bu səyləri görür və müsbət qiymətləndirir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*