Bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti olacaq: Putinin sədrlik edəcəyi sammit çərçivəsində Əliyevlə Paşinyan da görüşü gözlənilir.
Görüşlə bağlı iki informasiya irəli sürülür.
Birincisi, geniştərkibli olacağına dairdir: müdafiə nazirləri, üçtərəfli İşçi Qrupunun üzvləri və xarici işlər nazirləri də iştirak edə bilər;
İkincisi, üçtərəfli olacağına dairdir: Putin, Əliyev və Paşinyan görüşəcək.
Geniştərkibli görüş iddiası üçtərəfli görüşlə müqayisədə daha az inandırıcıdır. Lakin hər iki formatda qurulacaq masanın gündəliyinin eyni olması ehtimalı böyükdür:
1. Sərhədin delimitasiya və demarkasiyası üzrə razılaşmanın praktiki mərhələyə keçirilməsi: bura delimitasiya müqaviləsinin hazırlanması və demarkasiya üzrə ikitərəfli komissyanın yaradılması daxildir; Putin sərhədlə bağlı ilin sonuna qədər mexanizmlərin hazırlanması ilə bağlı dedikləri, Paşinyanın son açıqlamaları da da bu fikri gücləndirir;
2. Kommunikasiyanın açılması ilə bağlı Soçi və Brüssel razılaşmalarının, praktiki mərhələdə atılacaq addımların müzakirə edilməsi;
3. Yekun sülh sazişi: Brüssel görüşündən sonra Putin Rusiyanın vasitəçilik missiyasını daha da qətiləşdirmək üçün bu məsələni də ümumi kontekstdə gündəmə gətirə bilər.
Mümkün görüşün əsas məqsədi razılaşmaların praktiki mərhələdə həyata keçirilməsinin müzakirəsidir.
Asif Nərimanlı,
siyasi şərhçi
KONKRET.az