İyulun 12-də Tovuz istiqamətində gedən döyüşlərdə Emənistan tərəfi ağır məğlubiyyətə uğrayaraq çox itki ilə geri çəkilməli oldu. Bundan əlavə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edilib. Nikol Paşinyanın cəbhədə və xarici siyasətdəki mğlubiyyəti Ermənsitanda hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi?
Bununla bağlı KONKRET.az-a danışan deputat Elman Nəsirov bildirib ki, atalarımızın gözəl sözü var:
“Başqasına quyu qazan özü düşər. Bu gün Nikol Paşinyan Azərbaycan üçün qazdığı quyuya özünü və ölkəsini salıb. İyulun 12-də Tovuz istiqamətində Ermənistan ordusunun təxribata əl atmasında məqsəd Paşinyanın öz hakimiyyətinin müddətini uzatmaq istəyi idi. Daxildə etiraz dalğası genişlənməkdədir. Ermənistanda Paşinyana qarşı müxtəlif istiqamətli müxalif siyasi dairələr birləşiblər. Onları birləşdirən yeganə amil Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyidir. Eyni zamanda ölkənin xarici siyasəti də bərbad vəziyyətdədir. Strateji müttəfiq hesab etdiyi Rusiyadan lazım olan dəstəyi ala bilmir. Hətta uzun müddətdir ki, qazın qiymətinin aşağı salınmasına çalışır. Qazın qiyməti nəinki aşağı salınmır, əksinə qaldırılması məsələsi gündəmdədir. Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da işə qoşmaq istədi. Onun bu arzusu da puç oldu. Göründüyü kimi, Nikol Paşinyan ən yaxın müttəfiqindən də dəstək ala bilməyib. Belə olan təqdirdə də heç şübhəsiz Nikol Paşinyana növbəti zərbə erməni lobbi və diasporunun çox güclü olduğu ABŞ-dan gəldi. ABŞ Konqresinin qəbul etdiyi qərarlar nəticə etibarı ilə Azərbaycanın mövqeyini daha da gücləndirdi. Xüsusilə həmin qəbul edilmiş sənədlərdə Ermənistanın adının işğalçı kimi qeyd edilməsi onların diplomatiyasının biabırçı məğlubiyyəti oldu. Erməni lobbisi və diasporu heç bir halda Ermənistan əleyhinə qəbul edilən qərara mane ola bilmədilər”.
Deputat qeyd edib ki, bütün bunlar ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hücum diplomatiyasının möhtəşəm qələbələridir: “Hesab edirəm ki, payız yaxınlaşdıqca Ermənistandakı sosial durum fəlakətli səviyyəyə gəlib çatacaq. Əhali pandemiyaya görə müəyyən qədər dözümlülük göstərməyə məcburdur. Pandemiya dövründə Ermənistanı çox ciddi siyasi və iqtisadi tənəzzül gözləyir. İstisna deyil ki, Ermənistan növbəti bir inqilab yaşasın. Bu inqilab artıq məxməri inqilab olmayacaq. Çünki Ermənistanın müxalif siyasi dairələrin öz içərisində belə bir-birini qəbul etməyən siyasi quruplaşmalar belə Nikol Paşinyanın əleyhinə birləşiblər. Nikol Paşinyan üçün ən böyük zərbə iki il bundan öncə küçədə müdafiə edən tərəfdarları belə ondan üz döndəriblər. Xüsusilə parlamentdə onun əyləşdirdiyi deputatların ona qeyri-loyal münasibət bəsləməsi onun üçün ciddi siqnaldır. Bu halda Ermənistanı yenə inqilab gözləməkdədir. Ancaq istisna deyil ki, inqilabın iyini və dadını hamıdan yaxşı hiss edən Paşinyan qabaqlayıcı addımlar ata bilər. Bu dəfə Azərbaycan-Ermənistan sərhədi ilə yanaşı Qarabağ cəbhəsində atəşkəsi pozub növbəti hərbi avantüraya əl ata bilər ki, daxili auditoriyanın diqqətini yenə də yayındırsın. Nikol Paşinyan yenə də hakimiyyətini qorumaq üçün bu addımı ata bilər.
Azərbaycan diplomatiyası və hərbi qüvvələrimiz olduqca operativ işləyirlər. Bütün bu senariləri nəzərdən keçirirlər. Batmaqda olan Nikol Paşinyanın növbəti hərbi avantüraya əl atması istisna deyil. Bunu heç vaxt yaddan çıxarmaq olmaz”
Nərgiz Mirzəyeva,
KONKRET.az