Elza Seyidcahan “qəhqəhəsi” və ya Rəşad Məcid pafosu…backend

Elza Seyidcahan “qəhqəhəsi” və ya Rəşad Məcid pafosu…

Çoxdandı evdə ekran qarşısında oturmurdum. Ona görə yox ki, vaxt tapa bilmirdim, ona görə ki, zatən əksər televiziyalarda baxıb da nəsə əxz edə biləcək bir şey yoxdur. Amma dünən axşam mənə get-gedə sanki yadlaşan televizorumun pultunu əlimə alıb, bir kanallara nəzər atım dedim və elə pultu basmışdım ki, İTV-də bəstəkar-müğənni Elza Seyidcahanın pianonu döyəcləyərək bütün zala “ha-ha-ha”, “hi-hi-hi” səsiylə çığır-bağır saldığını gördüm. Sonra bildim ki, bu, xanım “müğənni”nin Heydər Əliyev Sarayında keçirilən konsertinin videoyazısıdır. Konsertə 10-15 dəqiqə baxmağım kifayət elədi ki, müğənni xanım haqqında çoxlarının bildirdiyi tənqidlərə mən də öz iradlarımı yağdırım.

Konsert boyu öz bəstələrini “ifa edən” müğənni sanki hər kəsi ələ salırdı. Xüsusən dahi Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” kimi möhtəşəm şeirinə oxuduğu mahnı adamı dəli olmaq dərəcəsinə gətirirdi. Afət Fərmanqızıdan geri qalmayıb yazıq Nəsimi kimi Müşfiqin də halına insanı acıdan bu qadına adamın deməyə daha sözü qalmır. Zatən desən nə olsun ki, cavabında elə “oxuduğu” mahnıdakı kimi “Əcəb eləmişəm, əcəb eləmişəm” deyib hay-həşir salacaq.

Amma insafən konsertdə millət vəkili Qənirə Paşayevanın sözlərinə yazdığı “Həsrət nəğməsi”ni bir babat ifa elədi ki, o da yəqin müəllifə hədsiz hörmətindən irəli gələn hissdir. Zira bu mahnı da digər mügənnilər tərəfindən daha gözəl ifa olunur.

Nə isə, məni bu mövzuya görə əlimə qələm almağa vadar edən Elzadan daha çox başqa bir məsələdir. Mənə qəribə gələn zalda əyləşib özünü feyziyab kimi göstərən və könülsüz əl çalan tamaşaçıların konsert adı ilə bu şouya hansı zövqlə vaxt ayırmalarıdır. Amma o insanları qınamıram da. Ola bilsin, tamaşaçılar “Sənə bənzər” adlı konsertə nəsə bənzərsiz bir şey görəcəklərinə ümid edib gəliblər. Şübhə etmirəm ki, konsertdən sonra ən azı Flora Kərimova öz sənətkar statusundan çıxış edib bu xanıma Rasim Balayev kimi “ay anam, ay bacım, ay qızım…” deyə müraciət edib… və düzgün tövsiyələrini verib.

Hə… Konsertə yarımçıq baxıb fikirlərimi cızma-qara edirdim ki, şəxsiyyətinə hörmət etdiyim Rəşad Məcidin facebook səhifəsindəki statusunu gördüm: “Möhtəşəm bir yaradıcılıq nümunəsi. Böyük zəhmət, fərqli zövq, yüksək istedad! Hər bir xalqın arzulayacağı, həsəd aparacağı, paxıllıq edəcəyi yüksək sənət performansı!”. Konsertdən heyrətləndiyini və qürur duyduğunu deyən Rəşad müəllimin statusuna isə mən heyrətləndim və bu sözlərinin səmimiliyinə çaşqınlıq duydum. Açıgı, konsert haqqında “Möhtəşəm bir yaradıcılıq nümunəsi” ifadəsini işlədən Rəşad müəllimin nədən bu qədər pafosa yol verdiyi məndə təəccüb yaratdı. Fikirləşdim ki, görəsən, Rasim Balayevin ifasında səslənən və tamaşacıların heyrətlə izlədiyi möhtəşəm “Yenə o bağ olaydı” şeirindən sonra doğrudanmı, bu “mahnı” belə yüksək dəyərli sözlərə layiqdir? Özü də tanınmış qələm sahibinin dilindən…

Sevinc Paşayeva

 P.S. Hər iki ifanı müqayisəli izləsək, suala asanlıqla cavab taparıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*