Tacikistan Prezidenti Emoməli Rəhmon əhalini 2 illik ərzaq ehtiyatı toplamağa və dövlət müstəqilliyinin müdafiəsinə hazır olmağa çağırıb. Mərkəzi Asiya ölkəsinin rəhbəri xalqa müraciətində bildirib ki, ayrı-ayrı ölkələrin müstəqilliyi və azadlığı, onların dövlətçilik strukturu məsələsi ciddi sual altındadır. Dövlət başçısının sözlərinə görə, hər bir ailə özünü necə təmin edəcəyini düşünməli, mümkün qədər çox ərzaq istehsal etməli və iki il ərzində lazımi ərzaq ehtiyatı yığmalıdır.
Bəs görəsən, Tacikistan Prezidenti nədən ehtiyat edir? Tacikistanı hansı təhülkələr gözləyir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, dünyada baş verən proseslərlə bağlı olaraq qlobal ərzaq çatışmazlığı ciddi problemə çevrilməkdədir:
“Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Avropanın aqrar sektorunu çökdürəcək. “Köhnə qitə”də ciddi ərzaq çatışmazlığı təhükəsi gözlənilir. Həmçinin, Mərkəzi Asiya ölkələri və o cümlədən, Tacikistanda da yaxın illərdə ərzaq böhranı yaşana bilər. Məlumdur ki, Tacikistanın ərazisi dağlıqdır. Orada təkcə Fərqanə vadisində aqrar sektor normal inkişaf edib. Digər bir məsələ isə Əfqanıstan problemidir. Çünki Tacikistanda Rusiyanın hərbi bazası yerləşir və ölkənin sərhədini rus ordusu qoruyur. Əfqanıstanda hakimiyyət Talibana təsadüfən təhvil verilməyib. ABŞ ordusu orada 85 milyard dollarlıq müasir silahlar saxlayıb. Çünki ABŞ Əfqanıstandan həm Tacikistana, həm də İrana qarşı mütləq istifadə edəcək. İndiki dövrdə Rusiya-ABŞ qarşıdurması “Soyuq Müharibə” dövrü ilə müqayisədə daha da dərinləşib”.
Politoloq bildirib ki, Emoməli Rəhmon indidən hadisələri qabaqlamaq istəyir :
“ABŞ öz iqtisadi maraqlarına uyğun olaraq Aİ ilə Rusiyanı üz-üzə qoyub. Hər iki tərəf aldadıldığını gec başa düşdü. Artıq Avropada qiymət artımları çox yüksək səviyyəyə çatır. Lakin bir tərəfdən ABŞ İrana da sanksiyalar tətbiq edir. Taliban hakimiyyətinə qarşı ciddi narazılıqlar var. ABŞ-ın Talibandan bır sıra tələbləri var və onlardan biri də Taciksitandır. Düşünürəm ki, Tacikistanı çox ciddi problemlər gözləyir. Emoməli Rəhmon bunu yaxşı başa düşür. O, özündən sonra hakimiyyətə oğlunu gətirmək istəyir. Buna görə də Emoməli Rəhmon indidən hadisələri qabaqlamaq niyyətindədir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az