1944-cü ildə məlum oldu ki, müharibə Yaponiya üçün yaxşı bitməyəcək. Lakin bu, nəinki Yapon ordusunun döyüş impulsunu azaltmadı, əksinə, onu daha da gücləndirdi. Axı yapon atalar sözündə deyildiyi kimi, döyüşdən sağ qayıdan əsgər öz imperatorunu sevməz. Nəticədə, 1945-ci il iyulun ortalarında Avropada müharibənin faktiki başa çatmasından sonra, Sakit okean cəbhəsində müharibəyə son qoymaq planlarının müzakirəsi başladı. Belə şəraitdə Yapon adalarına planlaşdırılan hücumun miqyası geniş olmalı idi. Amerika hərbçiləri güman edirdilər ki, onların Yaponiyaya hücumunda ən azı dörd milyona qədər insan zərər çəkəcək. Onlardan 400-800 min nəfəri öldürülməliydi. ABŞ hücumu həyata keçirmək üçün xüsusi plan da hazırlamışdı. Bunun üçün Yapon müdafiəsini zəiflədəcək istənilən vasitədən istifadə etmək ideyası yarandı.
Luzon adasında çoxlu miqdarda siyanogen xlorid, fosgen və bir sıra digər kimyəvi döyüş vasitələri toplandı. Bu silahlardan hücumdan əvvəl istifadə ediləcəkdi. ABŞ-nin bioloji silahlardan istifadə etmək planı yüz minlərlə insanın ölümü üçün hesablanmışdı. Planın başqa tərəfi, nüvə silahlarının işlənib hazırlandığı “Manhetten” layihəsinin nəticələrini nümayiş etdirmək idi. Amerkanlar bununla Yaponiya rəhbərliyini qorxutmaq istəyirdilər. Məşhur general Duqlas MakArtur da daxil olmaqla bir çox hərbi liderlər, “super silah” gücünə müharibənin başa çatdırılmasına inanmırdılar. O zamana qədər yalnız bir nüvə sınağı həyata keçirilmişdi. Bu dəfəki həmlə sınaq deyildi. Yeni silah təkcə yaponlara deyil, dünyanın digər ölkələrinə də ABŞ-nin ciddi siqnalı olmalıydı. Bununla da ABŞ öz siyasi mövqeyini gücləndirmək niyyətində idi.
Alimlər əvvəlcə bombanın dinc nümayişini təklif etdilər. Onu kimsəsiz adaların birində partlatmağı, Yaponiya nümayəndələrini prosesi müşahidə etməyə dəvət etdilər. Ancaq bu təklif rədd edildi. Bombanın ümumiyyətlə işləyəcəyinə tam əmin olmayan hərbçilər risk etmək istəmədilər. Əgər onlar dünyaya yeni super silahı nümayiş etdirsəydilər və bu zaman nasazlıq baş versəydi, psixoloji təzyiq altında müharibəni bitirmək mümkün olmazdı. Eyni səbəbdən, atom bombasının atılması təbliğat vərəqələrində əvvəlcədən elan edilmirdi. Yaponiya şəhərlərinin kütləvi bombalanmasından əvvəl təhdid vərəqələri atılırdı. Bombalama üçün dörd hədəf seçildi: Xirosima, Kokura, Niiqata və Kyoto. Dörd şəhərin hamısı kifayət qədər böyük idi. Bu şəhərlərsə hərbi sənaye obyektlərinin sayı kifayət qədər idi. Sonradan general Henri Stimson Kyoton şəhərini siyahıdan çıxarmağa bacardı. Stimson bir vaxtlar həmin şəhərdə bal ayını keçirmişdi və oranı sevirdi. Nəticədə Kyoton Naqasakiylə əvəzləndi. Komandanlıq yeni silahın imkanlarını qiymətləndirmək üçün bu şəhərlər üzərində müntəzəm reydlər keçirməməyə razılaşdı.
Tapşırığı yerinə yetirmək üçün 1944-cü ilin dekabrında 509-cu qarışıq hava alayı yaradıldı. O, 15 ədəd “B-29” bombardmançı, həmçinin “C-47” və “C-54” nəqliyyat təyyarələrindən ibarət idi. Bütün bombardmançılar, əvvəllər daşıdıqları yükdən daha ağır yeni bir bomba daşımaq üçün təkmilləşdirildi. Həmin təyyarələr gücləndirilmiş mühərriklər, yeni pervaneler, təzə bomba yuvaları ilə təhciz edildi. Maraqlı bir fakt odur ki, bütün bombardmançıların da öz adları var idi. “Tam məxfi”, “Qəribə yük”, ” Lazımlı pislik, “Atom” adı verilən təyyarələr uçuşa hazır vəziyətdə idilər. Xirosima üzərinə hansı bombardmançı uçacaqdı? Bu, bir qədər sonra məlum oldu və Xirosimanın “bəxtinə” 82 nömrəli təyyarə düşdü. Xirosimaya uçacaq təyyarənin adı “Enola Gey” idi. Ekipaj komandiri, polkovnik Pol Tibbetsin təyyarəni anası Enola Gey Tibbetsin şərəfinə belə adlandırmışdı. Avqustun 5-dən 6-na keçən gecə, saat 01:15-də bir qrup təyyarə Tinian adasındakı aerodromdan havaya qalxdı. “Enola Gey”ə təxminən 16 kiloton “Little Boy” bomba yüklənmişdi. “Tam məxfi” adlı bombardmançı ehtiyat təyyarə kimi uçurdu. “Böyük rəssam” partlayışın parametrlərini və onun nəticələrini qeyd edəcək avadanlığı daşıyırdı. “Lazımlı Şər” partlayış anını foto və kino avadanlığıyla lentə almalıydı. Bu qrupdan bir saat əvvəl üç bombardmançı təyyarə (“Jebit III”, “Full House” və “Street Flash”) havaya qaldırılmışdı. Onlar hava kəşfiyyatı apardıqdan sonra qalanlarına uçuş əmri verildi. Səma tam açıq idi. Bu cür hava şəraiti təkcə zərbənin dəqiqliyi üçün deyil, həm də lazımi çəkilişləri aparmaqdan ötəri vacib idi. On beş dəqiqəlik uçuşdan sonra “Enola Gey”in missiya komandiri və silah mütəxəssisi Kapitan Parsonsa qoruyucunu quraşdırmaq və bombanı işlək vəziyyətə gətirmək əmri verildi.
Meteoroloji kəşfiyyatçılar Naqasaki və Kokura üzərində bulud örtüyünün olduğunu, Xirosimada isə havanın aydın olduğunu bildirdilər. Dərhal Xirosimanın bombalanması əmri verildi. Hədəfə yarım saat qalmış qoruyucular işlək vəziyyətə gətirildi. Səhər saat 8:09-da “Enola Gey” Xirosima üzərinə şığadı. Bombardmançı mayor Ferebee nəzarəti ələ keçirdi. Saat 8:15-də bomba paraşütlə şəhər üzərinə buraxıldı. Beləliklə, radio hündürlük qoruyucusu partlamağa əmr verməzdən əvvəl təyyarələrin təhlükəsiz məsafəyə getməyə vaxtı var idi. Bombanın uçuşu 44.4 saniyə davam etdi və yer səthindən 580 metr yüksəklikdə partladı. Kəsik küləklər səbəbindən bomba əvvəlcədən təyin edilmiş nöqtəyə – havadan aydın görünən xarakterik “T” formasına görə seçilən Aioi körpüsünə dəyməyib. Yayılma təqribən 250 metr olub və partlayış Sima xəstəxanasının tam üstündə baş verib.
Xirosima sakinləri uzun müddət idi ki, bombarduman görməmişdilər. Şəhərdə müxtəlif söz-söhbətlər gəzirdi ki, şəhərin yüksək rütbəli liderlərindən biri ABŞ prezidentiylə yaxın qohum olduğuna görə Xirosima bombalanmayacaq. Amma şəhər rəhbərliyi 1944-cü ildən bəri tədbirlər görürdülər. Xüsusilə, yanğınların yayılmasının qarşısını almaq üçün binaların qismən sökülməsi həyata keçirildi. Əksər Yaponiya şəhərləri kimi, Xirosimadakı binaların çoxu taxtadan olduğu üçün şəhər yanğına çox həssas idi. Binalardakı yanğınsöndürənlər bombardumandan əvvəl yaradılsa da partlayışların bu qədər geniş miqyas alacağını heç kəs ağlına gətirmirdi.
Hərbi nöqteyi-nəzərdən Xirosima cazibədar hədəf idi. Burada yerləşən İkinci Komandanlığın (Yapon adalarının özünün müdafiəsinə cavabdeh olan qrup) qərargahı və çoxlu sayda qərargahlar da daxil olmaqla bir neçə hərbi obyekt yerləşirdi. Şəhərin təxminən üç yüz əlli min əhalisinin qırx mindən çoxu hərbi qulluqçu idi. “Uşaq” “Enola Gey”in bomba buxtasını tərk etdiyi anda şəhər əhalisinin çoxu hələ yuxuydaydı. Hava hücumu xəbərdarlığı ikinci dəfə elan edilsə də gec idi. Xirosima qəsrinin zirzəmisində yerləşən Çuqoku Hərbi Dairəsinin rabitə mərkəzi şəhərdə hava hücumu xəbərdarlığını səsləndirib və ləğv edib. Partlayış baş verən zaman rabitə operatoru kimi səfərbər olan məktəb şagirdi Yosi Oka yenicə həyəcan təbili çaldı. Bir neçə dəqiqədən sonra o, komandanlıqla əlaqə saxlamaq üçün xüsusi telefonu götürdü və xəbər verdi: “Xirosimaya yeni növ bomba atıldı. Şəhər artıq yoxdur”.
Partlayış şəhərin mərkəzini bütünlüklə yer üzündən sildi. Şəhər binalarının dörddə üçü dağıdıldı və zədələndi. Yetmiş mindən çox insan öldü, onlardan iyirmi mini hərbçi idi. Şəhərin meri yanaraq həlak oldu. İkinci Komandanlığın rəhbəri feldmarşal Şinroku Hata möcüzəvi şəkildə sağ qaldı və yalnız yüngül xəsarətlərlə xilas olaraq xilasetmə işlərinə rəhbərlik etdi. Yaponların radioaktiv çirklənmə haqqında məlumatı olmadığından əhalinin bombardman yerindən çıxarılması üçün heç bir tədbir görülmədi. Onlar yanğınları söndürmək, dağıntıları təmizləməklə məşğul idilər. Zərərçəkənlərə tibbi yardım göstərmək üçün salamat yer qalmamışdı. Xirosimadakı bütün tibb müəssisələri mərkəzdə yerləşirdi və partlayış nəticəsində həkimlər və nəzarətçilər həlak olmuşdu.
Ölənlər arasında Yaponiyaya işləməyə gələn iyirmi minə yaxın koreyalı da var idi. Əslində Xirosimada ölən hər yeddi nəfərdən biri koreyalı idi. Bombardman qurbanları arasında Kempeitai (Yaponiya hərbi polisi) nəzarətində saxlanılan on iki amerikalı pilot da var idi. Sonradan məlum oldu ki, onlardan yalnız ikisi partlayış nəticəsində ölüb. Onların səkkizi əvvəllər edam edilmişdi. Təbliğat məqsədilə yaponlar onları bombardman qurbanı kimi qeydə almışdı. Bombardmanın ertəsi günü prezident Truman çıxış edərək, ABŞ-nin Xirosimada atom bombasından istifadə etdiyini bütün dünyaya bəyan etdi. Yaponiya hökuməti heç bir reaksiya vermədi. Həmin gün Yaponiyanın nüvə proqramının rəhbəri doktor Yoşio Nişina Xirosimaya yola düşdü. O, şəhərin həqiqətən də atom bombası partlayışı nəticəsində məhv olduğunu təsdiqlədi.
Yapon mütəxəssislər hesab edirdilər ki, Amerikanın hərbi potensialı daha üç və ya dörd bomba istehsal etməyə güclə yetər. Yaponlar güman edirdi ki, yeni bombalar hazırlanana qədər müqavimət göstərmək mümkündür. ABŞ kəşfiyyatı bundan xəbərdar idi və qısa müzakirədən sonra yaponlar təslim olana qədər bombardmanın davam etdirilməsi qərara alındı. Bu dəfə hədəfdəki şəhər Naqasaki idi. İki gün sonra, avqustun 9-da ABŞ bombardumançıları Naqasaki üzərinə şığadılar. Avqustun 14-də Yaponiya imperatoru Hirohito təslim olmaq barədə radio ilə çıxış etdi. İmperator, rəqiblərinin yeni dəhşətli silahını qeyd etdi və dedi ki, ona görə Yaponiya təslim olmağa məcburdur: “Davamlı müqavimət mümkün deyil, çünki bu, təkcə Yapon xalqının deyil, bütün bəşəriyyətin məhvinə səbəb olacaq”. Avqustun 17-də əsgərlərə və dənizçilərə müraciətində Hirohito təslim olmanın əsas səbəbi kimi yenə də Sovet İttifaqının Mançuriyaya hücumunu göstərdi və atom bombalarından ümumiyyətlə bəhs etmədi. Sentyabrın 27-də Douglas MacArthur ilə söhbətində İmperator “bombanın vəziyyətin dramatikləşməsinə səbəb olduğunu” qeyd etdi. Tarixdə atom dövrünü açan “Enola Gey” bombardmançı təyyarəsi uzun müddət Smithsonian İnstitutunun anbarında saxlanılıb. 1984-cü ildə onun bərpası ilə bağlı işlərə başlanılıb. Təyyarə 1995-98-ci illərdə hadisənin əlli illiyinə həsr olunan sərgidə nümayiş etdirilib. 2003-cü ildə təyyarənin bərpası tamamilə başa çatdırılıb və indi onu Steven Udvar-Hazy Mərkəzində (Smithsonian İnstitutu Hava Muzeyinin filiallarından biri) görmək olar.
Xirosimada, hadisə yerində Sülh Parkı yaradılıb. Partlayış nəticəsində zədələnən, lakin dağılmayan bir sıra binalar bərpa edilib. Şəhərdə “Atom Qübbəsi” uzaq keçmişin qorxulu vizual təcəssümüdür.
Vəli Həsənov,
KONKRET.az