Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin raket proqramı ilə bağlı mühüm bəyanatla çıxış edib. Dövlət başçısı bildirib ki, Ankara orta və uzun mənzilli raketlərin istehsalını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
KONKRET.az xəbər verir ki, Ərdoğan bu addımın məqsədinin Türkiyənin hərbi çəkindirmə gücünü möhkəmləndirmək olduğunu qeyd edib:
“Biz artıq elə bir mərhələdəyik ki, istehsal etdiyimiz silah sistemləri real çəkindirmə gücünə çevrilir. Heç kim bizə qarşı durmağa cəsarət etməyəcək.”
Prezidentin sözlərinə görə, güclü olmaq təkcə hərbi deyil, siyasi, sosial və iqtisadi baxımdan da zəruridir:
“Əgər sən siyasi, iqtisadi, sosial və hərbi baxımdan güclü deyilsənsə, çəkindirmə gücün yoxdur – və sən zəifsən.”
Ərdoğan çıxışında Türkiyə xalqının ruh yüksəkliyini də vurğulayıb:
“Biz bir millət olaraq rüsvayçı şəkildə yaşamaqdansa, şərəflə torpağın altında olmağa üstünlük veririk.”
Qeyd edək ki, Türkiyənin son illərdə yerli müdafiə sənayesinə yatırdığı investisiyalar, raket, pilotsuz uçuş aparatları və digər yüksək texnologiyalı silah sistemlərinin istehsalı ilə müşayiət olunur. Ərdoğanın bu açıqlaması isə ölkənin müdafiə strategiyasının daha aqressiv və qabaqlayıcı xarakter alacağını göstərir.
Natiq Səlim,
KONKRET.az