Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Fələstin məsələsində bizə şübhə ilə baxanlar vaxtilə Azərbaycana böhtan atanlardır” fikri siyasi dairələrdə müxtəlif reaksiyalara səbəb olub.
Maraqlıdır, burada konkret hansı dairələr və ya ölkələr nəzərdə tutulur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əziz Əlibəylinin sözlərinə görə, Ərdoğanın bu bəyanatı bir neçə mühüm məqamı ehtiva edir. Politoloq bildirib ki, burada əsas hədəf daxildəki siyasi müxalifət, xüsusilə CHP-dir:
Əziz Əlibəyli
“CHP ilə ortaq yol tapmaq mümkün olmur. Siyasi rəqiblərin tam olması da məhz bununla bağlıdır. Vaxtilə Kamal Kılıçdaroğlu Zəngəzur dəhlizinə alternativ olaraq İran üzərindən yol təklif edirdi. Bu kontekstdə Ərdoğan sistematik şəkildə onları siyasi manevrlərlə neytrallaşdırmağa çalışır”.
Əziz Əlibəylinin sözlərinə görə, Ərdoğanın açıqlamasında ikinci mühüm məsələ Azərbaycan və Fələstin məsələlərinin bir-biri ilə assosiasiya edilməsidir:
“Türkiyədəki bəlli kəsim, xüsusilə müxalif dairələr, bir vaxtlar Azərbaycanı İsraillə əməkdaşlığa görə ittiham edirdi. İndi isə həmin kəsim Fələstin məsələsində hökumətə qarşı şübhəli yanaşma sərgiləyir. Prezident Ərdoğan isə bu paraleli apararaq, həm Azərbaycana qarşı yönəlmiş ittihamları, həm də hazırkı Fələstin siyasətinə edilən tənqidləri cavablandırmış olur”.
Politoloqun fikrincə, bu çıxış həm Türkiyə daxilində siyasi mövqelərin gücləndirilməsi, həm də Azərbaycanla strateji əməkdaşlığın müdafiəsi baxımından önəm daşıyır.
Müşviq Tofiqoğlu
KONKRET.az