“Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri zamanı rəsmi görüş olmasa da, kifayət qədər yaxşı keçib”.
KONKRET.az xəbər verir ki, bunu iyunun 13-də jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
O bildirib ki, Paşinyan həm türk siyasətçilərinin, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində idi.
“Bu səfər, demək olar ki, tədbirin əsas hadisələrindən biri oldu. Prezident Ərdoğanın ön cərgədə qonaqları salamladıqdan sonra ikinci sırada əyləşən Ermənistan Respublikası baş nazirini xüsusilə salamlaması bir çoxlarını əsəbiləşdirib. Adın dilə gətirilməsinə gəlincə, baş nazirin adı açıqlandı, video material var. Ümumilikdə səfəri kifayət qədər müsbət qiymətləndirirəm”, – deyə Simonyan bildirib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 3-də Ankaraya gedib və seçkilərdə qalib gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib.
Günel Mikayılova,
KONKRET.az