“Ərdoğanın verdiyi qərarlar Rusiyada şok effekti yaradıb” – İLGİNC TƏFƏRRÜATLARbackend

"Ərdoğanın verdiyi qərarlar Rusiyada şok effekti yaradıb" - İLGİNC TƏFƏRRÜATLAR

Dünyada baş verən ictimai-siyasi hadisələr Cənubi Qafqaza da təsir edir. NATO sammitində əldə olunan qərarlar və verilən bəyənatlar bizim bölgənin hərbi-siyasi həyatına da təsirsiz ötüşmür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlıları ilə bağlı səsləndirdiyi fikirlər regionda yeni dönəmin başlamasına işarədir. Ərdoğanın məlum bəyanatı həm Rusiya, həm də Ermənistan mətbuatında geniş müzakirə edilir. 2025-ci ildə sülhməramlıların Qarabağdan çıxarılmasına inandığını deyən Türkiyə Prezidentinin qətiyyəti həm də Rusiya tərəfə diplomatik mesajdır. Hər halda təxribatlar törətməklə regionda qalmağa çalışan Rusiya bundan hansısa nəticə çıxarmalıdır.

Bunu politoloq Qabil Hüseynli KONKRET.az-a açıqlamasında deyib:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammitində verdiyi qərarlar Rusiyanı əməlli-başlı çaşdırıb. Bu günə qədər Rusiyanın istinad etdiyi sanballı dövlət Türkiyə idi. Amma Türkiyə artıq öz dəstəsinə qayıdır, NATO ilə münasibətləri yüksək səviyyədə qurmağa çalışır və buna da nail olur. Üstəlik, həm İsveçin NATO-ya qəbul olunmasına, həm də Ukraynanın NATO standartlarına yaxınlaşmasına “hə” deyir. “Azov” alayının komandirlərinin geri qayıtması isə Rusiyada əməlli-başlı “soyuq duş” effekti yaradıb.

Doğrudur, bunu lap yüksək səviyyədə üzə vurmaslar da, deputatlar və müxtəlif siyasətçilər səviyyəsində özlərinə xas formada hallandırmağa çalışırlar. Türkiyənin ünvanına hədə dolu bəyanatlar səsləndirirlər.

Hətta Rusiyada bəzi siyasətçilər Türkiyəni qeyri-dost ölkələr siyahısına daxil etməyi təklif edir. Amma Dmitri Peskov dərhal onların cavabını verib. Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Türkiyənin Rusiyaya etdiyi yaxşılıqlar daha çoxdur. Ona görə də Türkiyə ilə münasibətlər davam etdirilməlidir.

Rusiya da özünün imperiya ədalarından qalmır. Heyfini Azərbaycandan almaq istəyir, sərhəddə təxribatlar törədir. Daha çox Qarabağdakı erməniləri qızışdırmaqla məşğuldur və regionda konfliktin uzanmasında maraqlıdır.

Bu təxribatların Brüssel görüşü ərəfəsində törədilməsi də təsadüfi deyil. Həmin görüş iyulun 21-nə nəzərdə tutulub, amma ehtimal edilir ki, daha tez ola bilər. Rusiya bölgəni qarışdırmaq üçün özünün avantürist siyasətini davam etdirir. Amma Azərbaycan təmkinli davranır. Ermənistan Rusiyanın oyuncağı kimi bir çox məsələlərdə onunla hesablaşsa da, Qərbin ermənilərə ciddi nəzarəti var. Hər halda belə görünür ki, iyulun 21-dəki görüşdə əsas müddəaların razılaşdırılması asan olmayacaq. Bütün bunlarla yanaşı, Rusiyanın bölgədə son çırpıntıları fonunda aranı qarışdırması aydın nəzərə çarpır. Qərdə isə bu məsələlər diqqətlə izlənilir. Bütün çətinliklərə baxmayaraq, sülh müqaviləsinin bağlanması üçün səylər davam edir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*