Erməni kəndində 3 azərbaycanlının başına gələnlər (FOTOLAR)backend

Erməni kəndində 3 azərbaycanlının başına gələnlər (FOTOLAR)

Bayram günlərində yolumuzu Gürcüstandan saldıq ki, yaxındır, gedək, dincələk, imkan olsa balıq tutub, istirahət edək.
Bu minvalla turistlər əsasən qışda üz tutduğu Barjomi şəhərinə doğru yola düşdük. Burada bizə dedilər ki, həm mənzərə olaraq, həm də ov üçün ən yaxşı yer “Tabatsğuri” gölüdür. Gölün kənarında otelin varlığını, bizdən də sadəcə 30 km uzaqlıqda olduğunu öyrəndikdən sonra yola düşdük, düşməz olaydıq.
Deyilən 30 km yolun elə bir haldadır ki, onu 4 saata tamamlaya bildik. Bərbad yol bizi yavaş-yavaş hərəkət etməyə məcbur edirdi. Ardından önümüzü minlərlə qoyun sürüsü kəsdi. Məcbur qalıb onların arxasınca getdik. Sıxıcı yolumuz bir az da qəlizləşdi. Qoyunları çobanları ilə birgə yola salıb yolumuza davam edirdik ki, dumana düşdük. Ətrafı duman bürüdü, işimiz bir az da çətinləşdi.
Yolçuluğumuza polis bölməsində ara verməli olduq. Çünki yolda bizi əli silahlı, hərbi geyimdə olan polislər qarşıladı. Xarici pasportlarımızı alıb, gözlətdilər. Yoxlanışdan keçdik və yolumuza davam etdik. Bütün bunlar əslində bizə “oraya getməyin” mesajı idi sanki, amma gec anladıq.
Gölü görən kimi sevindik. Çünki zülmlə, saatlarla təhlükəli yolla hərəkət etmişdik. Mənzərə də adamı özünə heyran edirdi. Həqiqətən də göl gözəl idi, yaxınlığında evlər, görüntü, deyildiyi kimi 3 mərtəbəli otel… Amma… Məsələnin bir əmması olduğunu yaxınlaşanda bildik. Ataların bir sözü var, “Uzaqdan zurna səsi xoş gələr”. Bizdə də eyni şey oldu.
Kəndə girdik, 4 nəfər idik. Aramızda iki nəfər gürcü dilini bilirdi deyə onlardan qala biləcəyimiz ev soruşdular. Normal yaxınlaşan, suallara cavab verən, bizim Azərbaycan dilində danışdığımızı eşidib zəhrimar sifətini alıb, gedirdi. Dilimizi eşidən şeytana dönürdü. Heç nə anlamırdıq. Uzaqdan gördüyümüz otelə doğru hərəkət etdik. Bu zaman anladıq ki, otel kimi görünən yer evdir, həm də aylardır heç kimin yaşamır.
Güclə sahibini tapdıq, qadın, “Ərim gəlir, o bilir qiyməti” deyib dururdu. Gözlədik, bu zaman da doğma dilimizdə danışırdıq. Evin sahibi gəldi və evi bizə verməmək üçün gülməli bəhanə uydurdu. Guya ustalar gələcək və burada qalacaq. Üstəlik 15 nəfər… Bu qədər usta bina tikər, evi yüngül təmir etməz… Adamın ağlına ya o anda bunu uydurmaq gəldi, ya da erməni dilində aralarında danışanda arvadı ona “belə de” deyib.
Onların erməni olduğunu da bu zaman anladıq. Sən demə kənddə ancaq ermənilər yaşayır. Digər pulunu verib gecələmək istədiyimiz evlərin sahibləri də ya qiyməti çox etdilər ki, biz razı olmayaq, ya da “yer yoxdur” dedilər. Hələ bunlar burada illərdir yaşayan Gürcüstan erməniləridir. Bizə nifrətləri Ermənistan ermənilərindən az deyil. Sanki torpaqlarımızı işğal edən, soyqırım törədən bunlar deyil, bizik. Sanki başqasının tarixini, mədəniyyətini, torpağını zəbt edən bunlar olmayıb.
Gördük ki, hava qaralır, kənddə qalmağımızın mümkün deyil, məcbur geri dönmək qırarına gəldik. Bərbad yolla geri dönən zaman avtomobilimizdə problem yarandı. Gələrkən bizə əngəl olmağa çalışan yol hadisələrinin ən böyüyü başımıza gəldi. 2 saat mübarizə apardıq, alınmadı və kəndə qayıdıb usta axtarmaq qərarına gəldik.
Kənddə kimə yaxınlaşdıqsa bizimlə ünsiyyətdən qaçdı. Gecə düşdü, qərara gəldik ki, taksi ilə ilə yolumuza davam edək. Amma maşını da belə bir kənddə qoymaq olmazdı. Onlardan hər şey gözləmək olar. Beləcə taksi tutub, yarı hissəyə bölünüb, nasaz olan avtomobili nəzarətdə saxlamaqla şəhərə geri dönmək qərarına gəldik. Erməni kəndində insan tapmaq çətin oldu, amma tapdıq. 120 lari ilə anlaşdıq və onunla yolumuza davam etdik.
Yolda onunla torpaqlarımızı geri almaqda ən böyük əngəl yaradan dövlətin dili ilə danışdım. Beləcə öyrəndim ki, bu kənddə doğulub, bir müddət Rusiyada işləyib, sonra geri dönüb. Rus dilini də beləcə öyrənib. Onu azərbaycanlı olmağımız narahat etmirdi, alacağı pulu düşünürdü sadəcə. Yenə də ona tam güvənmədiyim üçün yorğun olsam da yuxuya getmədim.
Kənd haqqında onu deyə bilərəm ki, həddən artıq kasıbdırlar. Kartof və Rusiyada çalışan qohumları hesabına yaşayan ermənilər bəlkə də Gürcüstanın ən gözəl gölünün ətrafını zəbt ediblər. Burada ermənilərlə yaxşı yola gedən, münasibət quran azərbaycanlılar da var. Gəlirlər, onlarla çörək kəsirlər.
Ermənilər onları özlərinə qardaş hesab edir, problem çıxarmırlar. Kənddə bir neçə saat qaldıq. Bu saatlar ərzində kəndlinin bizə nifrətini yetərincə gördük. Bu nifrəti, kini görəndən sonra, torpağı işğal edilmiş, soyqırıma məruz qalmış xalqın nümayəndəsinin düşmənə yumşaq davranmasını, onunla çörək kəsməsini qəbul edə bilmədim.  Yazının başlığında “3 azərbaycanlı” yazmışam. Əslində biz 4 nəfər idik. Sadəcə aramızda bir nəfər Gürcüstan azərbaycanlısıdır, amma özünü azərbaycanlı kimi hiss etmir deyə onu saymadım. Burada ermənilərlə dost olanlar da Gürcüstan azərbaycanlılarıdır. Onlar üçün də vətən dəyişib yəqin…
Mənbə: Minval.İnfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*