Erməni xalqına Yeni il “təbrikləri” – revanş ili, yoxsa…backend

Erməni xalqına Yeni il “təbrikləri” – revanş ili, yoxsa...

Təzəcə yola saldığımız 2020-ci il Azərbaycanın da, Ermənistanın da tarixinə öz silinməz möhürünü basdı. Böyük zaman kəsimindən sonra biz, nəhayət, növbəti ilə ərazi bütövlüyümüzlə, incimiz Şuşa ilə birgə, Ermənistan isə işğalçı yarlığı olmadan girdi – əlbəttə ki, rəşadətli ordumuzun “dəmir yumruğu” sayəsində.

Doğru, 10 noyabr kapitulyasiya aktına Ermənistanı baş naziri Nikol Paşiyan imza atdı. Ancaq məğlub olan əvvəlki hakimiyyətlər də daxil, bütövlükdə erməni toplumudur, dünya erməniliyidir. Sadə səbəbdən: Paşinyanı və Qarabağ klanının – Serj Sərkisyan və Robert Köçəryanın “bir qarış belə torpaq verilməyəcək” ağılsız kursunu illərlə müdafiə edən, onları iqtidarda saxlayan erməni xalqı idi. Demək, dərsi də məhz erməni cəmiyyəti götürməli, bir daha ona belə rəhbərlərin yol göstərməsinə izn verməməlidir.

“Qərbçi” Nikol Paşinyan indi başı daşdan-daşa dəyəndən sonra qismən ağla gəlmiş kimi görünür. Hər halda, o və onun bəzi komanda üzvləri, eləcə də bir neçə sağlam düşüncəli erməni ziyalıları il sonu ürkə-ürkə də olsa, Türkiyə və Azərbaycanla əlaqələrin normallaşması vacibliyini dilə gətirdilər, böhrandan çıxış yolunun təxmini “Yol xəritəsi”ni öz millətinə aşılamağa çalışdılar.

Təbii, hələlik bunu ucadan, bərkdən söyləmək qəliz işdir. Ta o vaxta qədər ki, II Qarabağ müharibəsində uğradığı ağır məğlubiyyətə ermənilər xalq olaraq, tam şəkildə sahib çıxacaqlar. Sahib çıxmaq isə mütləq lazım gələcək, özü də bacardıqca tez, məhz 2021-ci ildə. Çünki söhbət “Ermənistan” adlı simvolik dövlətin var olub-olmaması və erməni xalqının gələcəyindən gedir.

Əslinə qalsa, nə qədər qəribə görünsə də, 44 günlük müharibədən uduşda olan həm də Ermənistandır. Çünki işğal siyasətinin 30 illik ağır yükündən canı qurtardı. Elə təkcə separatçı-quldur rejimini saxlamaq, işğal altındakı ərazilərə nəzarət eləmək və Azərbaycanla silahlanma yarışında ayaqlaşmaq üçün hər il bu kasıb ölkənin kasad büdcəsindən nə qədər vəsait ayrılırdı. Hərçənd onlar torpaqlarımızın istismarını da həyata keçirirdilər, lakin aydın idi ki, acından ölən, blokadadan əziyyət çəkən Ermənistana Azərbaycanın 20%-lik ərazisini nəzarətdə saxlamaq getdikcə qat-qat baha baş gəlir.

Təcavüzkarın Azərbaycan və Türkiyə tərəfindən sərt izolyasiyası, onun bütün iri regional iqtisadi-energetik layihələrdən kənarda saxlanılaraq “üzdəniraq” dövlətə çevrilməsi gerçəyi də öz yerində…

İstənilən problemin həlli onu yaradan səbəbləri aradan qaldırmaqdan keçir. Səbəblər isə bəlli. Ermənistan və onun xalqı bir daha bu müsibətə tuş gəlmək istəmirsə, ilk növbədə öz əsas qonşuları ilə – Azərbaycan və Türkiyə ilə normal qonşu kimi davranmağı öyrənməli, onu uçurumun qırağına gətirən əsassız ərazi və “soyqırım” iddialarından vaz keçməli, regionun bu iki açar ölkəsi ilə təcili sülh müqavilələri imzalamaq barədə düşünməlidir.

Ola bilsin, Azərbaycanla barışıq bir az uzun çəksin, amma qardaş Türkiyə ilə münasibətləri daha tez yoluna qoymaq mümkündür. Üstəlik, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, ölkənin digər rəsmiləri son vaxtlar bir neçə dəfə, açıq şəkildə İrəvana xoş məram jestləri edib, əl uzadıblar.

Məsələ ondadır ki, – Türkə qarşı düşmənçilik tarixi də bunu təsdiqləyir, – erməni xalqının xoşbəxtliyi, əmin-amanlığı və təhlükəsiz həyatı qətiyyən Rusiya ilə əbədi müttəfiqlikdə, bölgədə onun vassalı və forpostu kimi qalmaqda deyil. Məhz Ankara və Bakı ilə dinc-yanaşı yaşamaq, dost olmaqdadır. Rusiya erməniləri xoşbəxt eləsəydi, 30 ildə edər, ona “təcili Qarabağın işğalına son qoy!” deyərdi. Demədi. İşğala axır ki, Azərbaycan Ordusu son qoydu.

Di gəl ki, erməni xalqına rəhbərlik iddiasında olan siyasilərinin, radikal müxalifətin, o sırada Köçəryan və digərlərinin Yeni il müraciətlərindən yenə “qan” iyi gəlir. Yenə köhnə ritorika, çeynənmiş “arsax” bayatıları, gerçəklə zərrəcə əlaqəsi olmayan boş iddialar, 2021- “revanş ili” elan eləmək cəhdləri. Öz bədbəxt millətini bataqlığa neçə dəfə salmaq olar görəsən?! Xüsusən də Daşnaksütyunun öz soydaşlarına revanş çağırışları, “mübarizənin hələ qabaqda olduğunu” aşılamağa çalışması göstərir ki, “əzabkeş millət”in öndə gedənləri kapitulyasiyadan zərrəcə dərs götürməyiblər.

Diqqət çəkən həm də odur ki, onların əksərinin, hətta N.Paşiynanın müraciətində “xilaskar” kimi yenə məhz Rusiyaya stavka “qırmızı xətt” qismində keçir. Rusiya isə xilaskar ola bilməz. Olmayacaq. Xilasın hansı ünvanda olduğunu yazdıq.

Əlbəttə ki, Paşinyan cəmiyyətin mühüm bir hissəsində ona qarşı olan qəzəbdən xəbərdardır. Bu üzdən sözlərini seçmək zorundadır. Hər necə olmasa, Rusiyaya qarşı onun gizli müxalifətdə olduğu məlumdur. Ancaq liderin əsas işi gerçək acı olsa belə, onun öz xalqına söyləməkdir, nəinki böyük yalana israrla davam eləmək. Əks halda, milli fəlakətə qarşı çarə tapılmayacaq və Azərbaycan Prezidenti İlham Əliyevin Yeni il müraciətində dediyi kimi, 44 günlük müharibə onlar üçün “toya gediləsi” olacaq! Həmin müraciəti diqqətlə oxuyun.

Erməniləri deyirik…

Zahid Səfəroğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*