Ermənistanın son vaxtlar Qərbə meyillənməsi Rusiya ilə münasibətlərə kölgə salır. Ermənistanda anti-Rusiya meyilləri, düşmən ölkədə Rusiya əlehinə aparılan təbliğatlar şimal qonşumuzun da diqqətindən yayınmır. Ermənistanın dövlət adamlarının səsləndirdikləri bəyanatlar əksər hallar Rusiyada narahatlıqla qarşılanır və ayr-ayrı dairələrdə müzakirə edilir. Bir neçə gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-da verdiyi müsahibə də Rusiyada geniş təhlil edilib. Qriqoryana Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı səviyyəsində cavab verilib. Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov özünün “Donskoy” teleqram kanalında Armen Qriqoryanın müsahibəsində anti-Rusiya meyilləri axtarıb. Qriqoryanın fikirlərində Rusiya üçün zərərli məqamlara toxunan Markedonov erməni dövlər adamının mövqeyinə münasibət bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibinin “Qarabağdakı sülhməramlı kontingent ümidləri doğrultmur və ya ABŞ ilə əlaqələr Ermənistan üçün çox vacibdir, onları hərtərəfli gücləndirmək və inkişaf etdirmək lazımdır” kimi fikirlərinə toxunan rusiyalı ekspert Qriqoryanın yanaşmasını şərh edib:
“Qriqoryan Azərbaycanla münaqişənin nizamlanması üzrə danışıqlar prosesində fəal iştirak edir. O, həm də ictimai fiqurdur, erməni hakimiyyətinin mövqeyini ictimaiyyətə çatdırır. Buna görə diqqətli olmalıdır. Qriqoryanın təqdim etdiyi siyasi-diplomatik dizaynla sübut etmək istəyir ki, Qərbin vasitəçiliyilə çərçivə razılaşması əvvəlkindən daha yaxşıdır. Bu, Rusiya üçün çox pis xəbərdir və bizim üçün yaxşı hal hesab edilə bilməz. Təbii ki, hər şeyə görə Ermənistanın qərbyönlü siyasətçilərini günahlandırmalıyıq. Ermənilər başa düşmürlər ki, ABŞ-a üstünlük verməklə əldə edə biləcəyindən çox itirə bilər. O zaman bu bizim üçün yalnız təsəlli olacaq”.
Uzun illər rusların himayəsi ilə Azərbaycanın iyirmi faiz ərazisini işğal altında saxlayan Ermənistan indi özünə yeni dayaq axtarır. Amma gecdir, Azərbaycan otuz il əvvəlki Azərbaycan deyil. İndi regionda daha güclü Azərbaycan var və bütün şərtləri də diqtə edən odur.
Vəli Həsənov,
KONKRET.az