Ermənistan Prezidenti Armen Sarkisyan bu gün RİA Novosti-yə müsahibəsində deyib ki, “onlar xaricdə yaşayan erməni sərmayəçilərini Rusiya iqtisadiyyatına cəlb etmək istəyirlər və xüsusən də süni intellekt sahəsinə sərmayələrini cəlb etməkdə maraqlıdırlar”.
KONKRET.az erməni mətbuatına istinadən bildirir ki, hazırda Qətərdə iqtisadi forumda olan Sarkisyan şimal müttəfiqini ələ almağa çalışıb: “Rusiya sərmayəsinin Ermənistanda xüsusi çəkisi olduqca böyükdür və bu çox əhəmiyyətlidir. Ölkəmizdə Rusiya bankları, Qazprom, fərdi sahibkarlar çalışırlar, amma Ermənistanın gələcəyi daha güclü olmalıdır. Rus təcrübəsi, Avrasiya əməkdaşlığının ortaq bir platforması çərçivəsində əlaqələrimiz yalnız Rusiyadan Ermənistana gələn sərmayələrin axını üçün deyil, həm də Ermənistandan Rusiyaya, xüsusən də xaricdəki erməni diasporundan, Amerikada, Fransada yaşayan ermənilərdən sərmayə axınını artırmaq üçün imkan verməlidir. Mənim rollarımdan biri və əsası onları nəinki Ermənistana, eləcə də Rusiyaya sərmayə yatırmağa ruhlandırmaqdır”.
Onun sözlərinə görə, öz növbəsində, “Ermənistan süni intellekt, yeni texnologiyalar və riyazi modellərlə əlaqəli layihələrə Rusiya sərmayələrini cəlb etməkdə maraqlıdır”.