Bütün dövrlərdə erməni şovinizminin başında duran Erməni Apostol Kilsəsi növbəti dəfə qızğın anti-Azərbaycan mövqeyi nümayiş etdirir.
KONKRET.az xəbər verir ki, Ermənistan KİV-lərinin Eçmiədzin ofisinə istinadən yaydığı məlumata görə, ali ruhani şuranın iclasında “Artsax yeparxiyası”nın qondarma statusunun saxlanılması barədə qərar qəbul edilib.
Həmçinin bildirilir ki, ali ruhani şura “Qarabağda erməni mədəni-tarixi irsinin qorunub-saxlanması” məqsədilə “Bakının erməni abidələrinə, ziyarətgahlarına və qəbiristanlıqlarına təcavüzü haqqında” məlumatların beynəlxalq platformalarda təqdim edilməsinə çağırıb. Ermənistan Azərbaycanın imicinə xələl gətirmək üçün hər cür təxribata əl atır. Ötən həftə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan parlamentin 2024-cü il dövlət büdcəsi layihəsi üzrə daimi komissiyalarının iclasında bildirmişdi ki, Qarabağda erməni mədəni və tarixi irsinin qorunub-saxlanması üçün İrəvan Azərbaycana beynəlxalq təzyiqləri artırmağa çalışacaq.
Amma Erməni Apostol Kilsəsi Ermənistan hakimiyyətini “məğlubiyyətçi düşüncədən imtina etməyə və milli məsələlərlə bağlı müstəqil qərarlar qəbul etməməyə” çağırıb. Həmin bəyanatda deyilir: “Biz bütün xalqımızı və milli strukturlarımızı bu taleyüklü məqamda yaranmış çətin vəziyyəti ayıq şəkildə qiymətləndirməyə, milli maraqlarımızı həyata keçirməkdə israrlı və vahid olmağa çağırırıq”.
Hər hansı bir dinin əsas amalının sülhə çağırış olduğunu tamamilə unudan Erməni Apostol Kilsəsi erməniləri müharibəyə səsləyərək onlara xeyir-dua verir. Əsrlər boyu erməniləri qonşu xalqlara nifrətə səsləyən erməni kilsəsi bu gün də eyni xəttə sadiqdir. Ermənistanı Azərbaycanla yeni müharibəyə sövq edən məhz kilsədir. Kilsə bütün dövrlərdə ideoloji məktəb rolunu oynayıb və erməni separatizminin Azərbaycan ərazisində yaranmasında xüsusi rolu var.
Xüsusilə, “Daşnaksütyun” və “ASALA” kimi terror təşkilatları Erməni Apostol Kilsəsinin günbəzi altında yaradılıb və onların maliyyələşdirilməsi bütün dünyada erməni icmalarının olduğu kilsə fondlarından keçib.
Bu gün də kilsə öz dağıdıcı ideologiyasını ermənilərin şüuruna yeritməkdə, cəmiyyətdə revanşist əhval-ruhiyyəni gücləndirməkdə davam edir. Bu da regionda sülhün bərqərar olmasına mane olur. Erməni Apostol Kilsəsi bundan sonra da Bakı ilə İrəvan arasında sülh sazişinin əldə olunmasının qarşısını alacaq və bu məqsədlə bütün “mənəvi” potensialından istifadə edir.
Vəli Həsənov
KONKRET.az