Regionda yaranan vəziyyətdən narahat olan erməni politoloqlar hesab edirlər ki, Ermənistanın mövqeyi günü-gündən zəifləyir. Onların ehtimalına görə hakimiyyət Qarabağ problemini həll etmək üçün nə edəcəyini bilmir. Hərbi ekspert Vitali Manqasaryan da bu fikirdədir.
Ekspertə görə Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan bəyanat verməklə ermənilərin ümidlərini məhv edib. Bu təkcə ermənilərin ümidlərinin məhvi deyil, həm də “qədim xalq”ın böyük planlarını pozmaq və eyni zamanda beynəlxalq ictimaiyyətin Qarabağı qorumaq səylərinə qarşı çıxmaqdır.
Vitali Manqasaryan daha sonra Fransa Prezidenti Emmanuel Makronun Qarabağdakı erməni əhalisinin maraqları naminə səy göstərəcəyi ilə bağlı bəyanatına toxunub:
”Belə bir bəyanat və buna oxşar istənilən bəyanat Azərbaycan üçün ciddi təsir eləmir. Bunun yozumu isə çox sadədir. Rəsmi Bakının indi İrəvan da Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır kimi bəyanat verəcəyindən sonra nə bizim, nə də dostlarımızın əlavə nəsə deməyə sözü qalmayacaq”, – deyə Manqasaryan bildirib.
O daha sonra qeyd edib ki, ”Ermənistan hökumətinin bu gün apardığı siyasət sonda bizi Azərbaycan toponimlərindən istifadə etməyə məcbur edəcək. Bundan sonra Stepanakertə Xankəndi deyəcəyik”.
Ekspert hesab edir ki, proseslər məhz bu cür davam edəcək və ermənilər üçün faciə ilə bitəcək.
Vəli Həsənov,
KONKRET.az